“Azərbaycan və Ermənistan prezidentlərinin substantiv, mahiyyət ortaya qoyulacaq növbəti görüşünün təşkili üzərində iş aparılır. Xarici işlər naziri Elmar Məmmədyarov da bununla bağlı Brüsseldə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşlər aparıb”.
Bunu Prezident Administrasiyası rəhbərinin müavini, Prezident Administrasiyası Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, Elmar Məmmədyarovun Brüsseldə apardığı görüşlərin nəticələri təhlil olunacaq və bu barədə ətraflı məlumat veriləcək.
Prezident Administrasiyası rəhbərinin müavini Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın apreldə işğaldan azad etdiyi torpaqlar qaytarılandan danışıqların başlayacağı barədə bəyanatına da münasibət bildirib: “Serj Sarkisyan yalan, böhtan danışmağa öyrənib, onun bəyanatlarına fikir vermək lazım deyil. Boş-boş danışır. Serj Sarkisyan o torpaqları qulağının dibini görsə, görəcək ”.
N. Məmmədov apreldə 800 hektar deyil, 2500-3000 hektar ərazinin işğaldan azad edildiyini də qeyd edib: “Serj Sarkisyan bu məsələdə də yalan danışır. Biz bütün torpaqlarımızı işğaldan azad edəcəyik”.//APA