1 İyun 2016 20:33
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Seçki Məcəlləsinin tələbinə uyğun olaraq hazırda 90 saylı Ağdaş seçki dairəsində seçki prosesinin seçkiqabağı təşviqat dövrüdür. 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkilərdə də seçkiqabağı təşviqat prosesi qanunvericiliyin tələbinə uyğun olaraq davam edir. İstər seçki komissiyalarının üzərinə düşən vəzifələrlə əlaqədar, istərsə də digər subyektlərin bu prosesdə iştirakı ilə bağlı münasibət bildirsək, hesab edirəm ki, hər şey qanunvericiliyin tələblərinə uyğun qaydada həyata keçirilir”.

Bunu Teleqraf.com-a açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bildirib.
Q.Orucov qeyd edib ki, indiyədək bu dairə ilə bağlı MSK-ya şikayət və müraciətlər daxil olub, amma bunlar seçkiqabağı təşviqatla bağlı olmayıb: “Əsas etibarilə seçki prosesinin digər mərhələləri ilə əlaqədar müəyyən şikayətlər daxil olub və qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Seçki Komissiyasının iclasında baxılıb və hüquqi qiymət verilib. Hazırda baxılması gözlənilən şikayət və müraciət yoxdur. Bu mümkün də deyil. Çünki daxil olmuş şikayətlərə səsvermə gününə 30 gün qalmış müddətədək 2 gün müddətində, digər vaxtda isə 3 gün müddətində müvafiq seçki komissiyası tərəfindən baxılmalıdır”.

Qeyd edək ki, bugünlərdə yayılan bir xəbərdə namizədlərdən birinə qarşı təxribat olduğu, “yumurta atəşi”nə tutulduğuna dair xəbərlər yayılıb. Q.Orucov onda belə bir məlumatın olmadığını vurğulayıb: “Bizə o səpkidə şikayət daxil olmayıb. Mən həm də vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar daxil olmuş ərizə və şikayətlərə baxılması üzrə Mərkəzi Seçki Komissiyası nəzdində yaradılmış Ekspert Qrupunun üzvüyəm. Yəni, elə bir şikayət daxil olmayıb. Əgər belə bir şikayət daxil olarsa, baxılıb müvafiq qərar veriləcək”.

Səxavət


Müəllif: