2 İyun 2016 12:51
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib

Bu gün Türkiyə, İsrail, Ukrayna, Belarus, Rusiya, Qazaxıstan, Ermənistan, Gürcüstan və Azərbaycan QHT-lərinin iştirakı ilə “Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının təsis konfransı keçirilib. Teleqraf.com xəbər verir ki, “Stop-Metsamor” QHT-lərin beynəlxalq koalisiyasının əsas təşəbbüskarlarından olan Milli Ekoloji

Proqnozlaşdırma Mərkəzinin sədri Telman Zeynalov toplantıda Metsamor AES-in region dövlətləri üçün yaratdığı təhlükələr haqqında geniş məruzə ilə çıxış edib. T.Zeynalov sovetlər dönəmində istifadəyə verilmiş Metsamor AES-in bütün region üçün təhlükə mənbəyi olduğunu qeyd edərək MAQATE-nin Metsamor AES-lə bağlı hesabatı haqqında məlumat verib.

AMEA-nın Radiasiya Problemleri İnstitutunun professoru Rauf Sərdarlı Metsamor AES-in bloklarının tikilmə tarixi və yerləşdiyi ərazidə baş verən tektonik proseslər haqqında danışıb. O, Metsamor AES-in əməkdaşlarının 1988-ci ildə Spitak şəhərində baş verən zəlzələ zamanı stansiyadan qaçıb getdiyini qeyd edərək bildirib ki, yalnız onunla konstruksiya xüsusiyyətlərinə görə eyniyyət təşkil edən digər AES-dən texniki heyətin işə cəlb olunması nəticəsində baş verə biləcək dəhşətli təbii-texnogen fəlakətin qarşısını almaq mümkün oldu: “Bu hadisədən sonra AES dayandırıldı, talan edildi, 1-ci enerji bloku isə əslində məhv edildi. 1995-ci ildə isə yalnız 2-ci enerji bloku bərpa edildi və işə salındı”.

İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” təşkilatının sədri Arye Qut bildirib ki, Metsamorda qəza baş verəcəyi halda Çernobıl və Fukusima AES-lərindən daha ağır faciələrə gətirib çıxaracaq. O, 1999-cu ildən Ermənistan vətəndaşlarının nüvə materiallarının daşınması və satışında “fəallıqlarını” artırmağa başladıqlarını vurğulayıb. Sonuncu belə bir hadisə 2016-cı ilin aprelində baş verib. Üç Ermənistan vətəndaşı uranın satışı cəhdinə görə saxlanılıb.

Konfransa video-görüntü ilə bağlanan Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri Vahan Martirosyan Metsamor AES-in Ermənistan ərazisi və əhalisi üçün böyük təhlükə mənbəyi olduğunu deyib. Əsas məqsədinin ölkəsini və əhalisini qorumaq məqsədi daşıdığını qeyd edən V.Martirosyan qeyd edib ki, AES-də baş verə biləcək mümkün qəza İrəvanın dağılması və Ermənistanın böyük fəlakətlə üzləşməsi ilə nəticələnə bilər.

Ermənistan Milli Azadlıq Hərəkatının rəhbəri bildirib ki, Metsamor AES-lə, eləcə də Ermənistanın Energetika Nazirliyinin tabeliyində olan məsələlərlə bağlı qərar qəbulunda söz sahibi Rusiyanın müvafiq şirkətləridir.
Tədbirdə Rusiya və Qazaxıstan nümayəndələri də iştirak edərək Metsamor AES-nin region üçün təhlükəsi haqqında fikirlərini bildiriblər.

Konfransın sonunda bəyannamə qəbul olunub. Sənəddə potensial təhlükə yaradan seysmik zonada yerləşdiyini, Ermənistandan Şərqi Asiyaya nüvə materiallarının qaçaqmalçılığı hallarının artmasını və artıq bu sahə üzrə erməni marşrutunun yaradılmasını, Avropa İttifaqının və bir çox aparıcı QHT-lərinin rəyini, təhlükəsizlik sistemi və texnikasının Ukraynanın Çernobıl AES-i ilə eyni olmasını nəzərə alaraq Metsamor AES-in bağlanmasına nail olmaq üçün “Stop-Metsamor” Beynəlxalq QHT Koalisiyasının təsis edildiyi bildirilir. Koalisiya nümayəndələri həmçinin dünya ictimaiyyətinə müraciət də qəbul ediblər.

Səxavət


Müəllif:

Oxşar xəbərlər