Bu gün Milli Məclisin elm və təhsil komitəsinin iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, Komitənin sədri İsa Həbibbəyli bildirib ki, “Elm haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda Milli Məclisdə müzakirəyə çıxarılmağa hazırdır. Layihə ikinci oxunuşda parlamentdə müzakirə edildikdən sonra daha da təkmilləşdirilib. Yeddi fəsil, 40 maddədən ibarət layihədə elmi fəaliyyət sahəsində dövlət siyasətinin prinsipləri, dövlətin vəzifələri, elmin inkişafı üzrə dövlət proqramları, elmi işçilərin vəzifələri, işə qəbulu, yüksək ixtisaslı elmi kadrların hazırlanması, elmi işçilərin ictimai birlikləri, elmi dərəcələr, adlar, dissertasiya şurası və digər məsələlər əksini tapır.
Komitə sədri cəmiyyətin gözlədiyi bu sənədin Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verdiyini deyib. Layihə ilə bağlı ictimaiyyətdə geniş müzakirə olunan məsələlərdən biri Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsidir ki, komitə sədri bununla bağlı Milli Məclisə layihə daxil olduğunu deyib. Bildirib ki, bu məsələ “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər edilməsi ilə tənzimlənəcək. İsa Həbibbəyli bu dəyişiklikdən sonra gənclərin elmə axınının güclənəcəyini bildirib.