Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 1993-cü ilin iyunun 4-də Gəncədə Surət Hüseynovun qanuni Elçibəy hökumətinə qarşı həyata keçirdiyi hərbi qiyamla bağlı fikirlərini bölüşüb.
“Azərbaycan geriyə dönüşü mümkün olmayan kurs götürmüşdü”
Əbülfəz Elçibəyin silahdaşlarından olan Mirmahmud Mirəlioğlu Teleqraf.com-a deyib ki, Elçibəy hakimiyyətinə qarşı silahlı qiyam baş verən ərəfədə hər hansı bir dövlət vəzifəsi tutmayıb, sıravi deputat olub. Onun fikrincə, 4 iyun qiyamını qiymətləndirmək, əsl mahiyyəti və səbəblərini açıqlamaq lazımdır: “Bunun üçün də, həmin dövrdə baş verən mühüm hadisələrə diqqət etmək vacibdir. Nəzərə alınmalıdır ki, 4 iyuna qədər Azərbaycan türk dünyasında artıq mühüm yer tuturdu. Məsələn, 1992-ci ilin payızında Türk cümhuriyyətləri prezidentlərinin zirvə toplantısı keçirildi, bu toplantıda Əbülfəz Elçibəyin cümhurbaşqanları tərəfindən tanınması və qəbul olunması baş verdi.
Bundan savayı, həmin dövrdə ümumilikdə ölkədə ciddi inkişaf müşahidə olunurdu, dövlətin əsasları yaradılırdı. Azərbaycanla bağlı düşmən planları ya ifşa edilir, ya da puç olurdu. Başqa sözlə, Azərbaycan geriyə dönüşü mümkün olmayan kurs götürmüşdü”.
Gəncə qiyamı Elçibəy rus qoşunlarını ölkədən çıxardıqdan bir neçə gün sonra başlanıb
KXCP sədri daha sonra qiyamın baş verməsinə səbəb olan hadisələri bir-bir sadalayıb: “Unutmaq lazım deyil ki, 1993-cü ilin yanvar-fevralında Azərbaycan ordusu, könüllü batalyonlar Xankəndi istiqamətində irəliləyirdi, bəzi istiqamətlərdə hətta Xankəndi ətrafında ordumuz 4-5 kilometrlikdə dayanırdı. Şübhəsiz ki, bu, Rusiyanın maraqlarını alt-üst edirdi.
Nəzərə almaq lazımdır ki, 1993-cü il mayın 25-də prezident Elçibəyin səyi nəticəsində rus qoşunları Azərbaycan ərazisindən çıxarıldı. Bu da, öz növbəsində düşmənlərin daha ayıq olmasına, Elçibəy hakimiyyətinə qarşı fəaliyyətin gücləndirilməsinə səbəb oldu. Aprelin 2-də Kəlbəcər işğal olunmuşdu və hər kəs bilir ki, işğal edilən ərazilərimiz Rusiya qoşunlarının bilavasitə iştirakı ilə baş tutub. Kəlbəcərin işğal edilməsi həm də Elçibəy hakimiyyətinə vurulan zərbə idi və qiyamın tərkib elementlərindən biri hesab olunmalıdır.
Bundan başqa, həmin dövrdə Elçibəy iqtisadi istiqamətdə mühüm addımlar atırdı. Məsələn, neft kontraktlarının imzalanması üçün prosesə başlanmışdı, hətta Milli Məclisdə də bu istiqamətdə işlər aparılırdı. Məqsəd neft kontraktlarında Azərbaycanın maraqlarının maksimum qorunması idi.
Təbii ki, bütün bunlarla yanaşı Əbülfəz Elçibəy hökumətinin qiyamla devrilməsi üçün müxtəlif ssenarilər və xain planlar cızılırdı. Hakimiyyət komandası daxilində fikir ayrılıqları yaradılmışdı. Fevralda bu məsələlər bir qədər də şiddətləndi. Nəhayət, apreldə hərbi birlik yaradıldı, burada hərbçilər bir araya gəldi. Sonra hər kəsin bildiyi məsələlər başladı, milli qəhrəmanla münasibətlər və s. Mən bunu həmin dövrdə Deputat İstintaq Komissiyasında da qeyd etmişdim. Demişdim ki, 4 iyun qiyamı 1993-cü ildə Azərbaycanın daxili və xarici düşmənlərinin birgə hazırlayıb həyata keçirdiyi, eləcə də nail olduqları ilk böyük uğurlu əməliyyatları idi”.
Rusiya buradan çıxmışdı, lakin basdırdığı minalarını saxlayırdı
Mirəlioğlu qiyama həmin dövrdə siyasi müxalifətin lideri Etibar Məmmədovun, eləcə də digərlərinin dəstək verib-verməməsi haqda suala cavab verib:
“Qiyamdan 23 il keçir və bu, uzaq tarix deyil. Hər kəs bilir ki, qiyamda kim və nə qədər rol oynayıb. Hər kəsə bəllidir ki, qiyama siyasi dəstək olub. Həmçinin rus qoşunları Gəncədəki silahlarını 907-ci hərbi hissəyə təhvil verərək getmişdi. Başqa sözlə, Rusiya buradan çıxmışdı, lakin basdırdığı minalarını saxlayırdı. Ona görə də, bu məsələyə yenidən qayıdıb yeni söz demək mümkün deyil. Bu mövzu tarix üçün o qədər dərin və geniş araşdırılıb ki, kimin nə deməsindən asılı olmayaraq hər şey isbatlanıb və ortadadır. Əbülfəz Elçibəyin dediklərindən, Deputat İstintaq Komissiyasının araşdırıb faktları ortaya qoymasından sonra təzə söz demək mümkün deyil”.
O zaman İranın səfirinin Gəncədə nə işi vardı?
KXCP-sədri qiyama dəstək verənlərin sırasının geniş olduğunu xüsusilə qeyd edib: “Nəinki AXC-Müsavat iqtidarına müxalifətdə olan siyasi qüvvələr, o zaman hətta vəzifə almayanlar, eləcə də vəzifədən gedənlər, birinci katiblər, kommunist nomenklaturası, küsənlər, həmçinin haqla batili ayıra bilməyən insanların hamısı bu məsələyə qarışmışdı. Yəni hamı Elçibəy hakimiyyətinə qarşı birləşmişdi. Düzdür, indi onların bəziləri iddia edirlər ki, bu hakimiyyət içindən dağılmalı idi və s. Onda adama deyərlər ki, o zaman İranın səfirinin Gəncədə nə işi vardı? Və yaxud Rusiya qoşunları ölkədən çıxarıldıqdan sonra general Şerbak buralarda nə üçün qalmışdı? Avropadan gələn emissarlar Gəncədə niyə Surətin dəstəsinin ətrafında idi? Nədən Gəncə televiziyasının verilişinə hətta İraqda belə baxmaq mümkün idi? Bu televiziyanın belə geniş radiusda tutması hansı məqsədə xidmət edirdi?”.
Komandası döyüş meydanında Elçibəyi tək qoydu
KXCP sədri deyib ki, bu məsələdə komandası Elçibəyi döyüş meydanında yalnız buraxdı: "Bu da deyilməlidir. Söhbət təkcə, istefa verməklə, geri çəkilməklə meydanda prezident Elçibəyi tək qoymaqla bağlı deyildi. Həm də, prosesləri gətirib 4 iyuna çatdırmaqla Elçibəyi tək buraxdılar. O dövrdə parlamentin seçkilərini gecikdirməkdən tutmuş hər şeyi qeyd etmək lazımdır. Hər kəsin, o cümlədən, mənim də məsuliyyətim var və kimsə bundan qaça bilməz".
Nemət