Milli Məclisin deputatı Əli Məsimli Almaniya Bundestaqında qondarma “erməni soyqırımı” ilə bağlı qəbul olunan qətnaməyə etiraz edib.
Teleqraf.com-un məlumatına görə, Əli Məsimlinin fikrincə, qardaş Türkiyəyə təzyiq vasitəsi kimi ortaya atılan “erməni soyqırımı” adlı absurd teatrının növbəti komediyası iyunun 2-də Almaniya Parlamentində baş tutdu. Deputat qeyd edib ki, Almaniya Parlamentinin qondarma “erməni soyqırımı” ilə əlaqədar qəbul etdiyi qətnamə həmin tarixi saxtakarlıq faktına Avropanın bir nömrəli ölkəsi olan Almaniyada onun parlamenti səviyyəsində münasibətin bildirilməsi təəssüf doğurur: “İndiyədək qondarma “erməni soyqırımı” kampaniyasına qoşulmuş digər ölkələrdə olduğu kimi bu qətnamə də əslində heç bir tarixi və hüquqi əsası və deməli reallaşma mexanizmi, Türkiyə üçün heç bir təsir gücü olmayan əhəmiyyətsiz, amma qərəzli bir kağız parçasıdır.
Bu qətnamə ilə genosidin ən dəhşətli nümunələrinin daşıyıcısı olan Almaniya özünü həmin kampaniyada iştirak edən digər ölkələrlə müqayisədə ikiqat urvatsız etdi. Bu qətnamə Türkiyənin getdikcə artan gücündən, onun perspektivlərindən qorxuya düşən və sən demə içərilərində daşımağa davam etdirdikləri faşizmin Xocalı soyqırımını törədən, ana və uşaq qatilləri olan erməni faşizminə dəstəyidir. Bir qədər aşağı, bir qədər yuxarı olmaq şərtilə, Almaniya Avropa üçün Amerikanın dünya üçün oynadığı rolu oynayır. Almaniya öz çəkisinə heç cür uyğun gəlməyən belə ucuz bir kampaniyaya qoşulub, öz düşüncəsiz addımı ilə özünə böyük ziyan vurdu, nüfuzuna xələl gətirdi, ölkədaxili gərginliyə yeni amil qoşdu.
Almaniya həmin qətnamə ilə özünü Türkiyə və Azərbaycan ictimaiyyətinin bu ölkəyə münasibətdə formalaşmış xoşməramlı münasibətini müsbətdən mənfiyə dəyişdirməkdədir. Bu qətnamənin qəbulu Türkiyə ilə Almaniya arasında siyası münasibətləri xeyli zədələdi, bəlkə də humanitar və iqtisadi münasibətlərə də mənfi təsir edəcək. Bu qətnamə ikili standartın yeni nümunəsi olmaqla, həm də Almaniya cəmiyyətinin və beynəlxalq ictimaiyyətin çaşdırılmasına davamlı xarakter verilməsinə xidmət edir”.
Əli Məsimli hesab edir ki, bu qətnamə qondarma “erməni soyqırımı”nın növbəti komediyalarına yeni nəfəs, impuls verə bilər: “Qondarma “erməni soyqırımı”nın növbəti komediyalarının əhəmiyyətsiz aksiyalara çevirməkdən ötrü, bu məsələyə soyuq başla zəruri tədbirlərin birləşdirilməsi yönümündən yanaşıb, türk dövlətlərinin və diasporunun birgə fəaliyyətinin və fəallığının artırılması lazımdır”.
Nərgiz