20 İyun 2014 16:29
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmələr və hakimlər haqqında qanunun dəyişiklik ciddi müqavimətlə rastlaşıb

Milli Məclis Məhkəmələr və hakimlər haqqında qanuna dəyişiklik edib. Layihə haqda deputatlara məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Baş Prokurorluq tərəfindən daxil olub:

“Qanun vaxtilə hazırlanarkən Andlılar Məhkəməsi ilə bağlı xüsusi fəsil mövcud idi. Andlılar Məhkəməsinin formalaşması hüquq sferasında müzakirə edildi. Məhkəmə sisteminin demokratikləşməsi istiqamətində aparılan islahatlar fonunda bu fəsli qanuna yazdıq. Amma qeyd olunurdu ki, islahatlar başa çatanda bunun tətbiqinə başlanılacaq. Bizim qanunumuzda uzun müddətdir ki, işləməyən bu fəsil mövcuddur. Qeyd edim ki, hüquq ictimaiyyətinin böyük hissəsi bunun əleyhinədir. Bizim komitə də hesab edir ki, məhkəmə hüquq islahatlarının indiki mərhələsində Andlılar Məhkəməsini özündə daha düzgün ehtiva edir. Andlılar Məhkəməsi ABŞ-da yaranıb. Komitəmizdə bunun əleyhinə və lehinə çıxanlar da olub. Azərbaycanın praktik hüquq ictimaiyyəti bu işləməyən fəslin qanundan çıxarılmasının tərəfdarıdır. Xahiş edirəm bu dəyişikliyi dəstəkləyin”.

Bu geriyə atılan addım olardı

BAXCP sədri, deputat Deputat Qüdrət Həsənquliyev deyib ki, hüququ dövlət quruculuğu istiqamətində addım atan ölkələr üçün Andlılar Məhkəməsi olduqca əhəmiyyətlidir: “Amma bunu bir rayonda pilot layihə kimi tətbiq etmədən qanundan çıxarılır. Avropa dövlətlərinin əksəriyyəti Andlılar institutundan istifadə edirlər. Konstitusiyaya görə, vətəndaşın dövlət idarəçiliyində iştirak etmək hüququ var.

Prokurorluq hesab edir ki, Andlı iclasları çətin işlərdən baş çıxara bilməz, hisslərə üstünlük verirlər, qanuna tabe olmurlar və s. Bizim cinayət qanunvericiliyindən bu institutu çıxarmaq olmaz. Qanunları qəbul edənlərin çoxu hüquqşünas deyil, amma bir nəfər məruzə edir və sonda qanun qəbul olunur.

Andlılar iclasında da bu metod tətbiq olunur. Andlı iclasları daha doğru qərar qəbul edə bilirlər, onlar hakimiyyətdən daha çox az asılıdırlar və karyera haqda düşünmürlər. Bu institut mütləq saxlanılmalıdır. Burada səbəb kimi Andlıların qanuna tabe olmamaq məsələsini qaldırırlar. Bu doğrudur. Andlılar daha çox sosial məsələlər haqda düşünürlər və onların çıxardığı bəraət hökmləri digər məhkəmələrlə müqayisədə daha çoxdur. Düşünürəm ki, biz islahatlar aparılmalı olduğumuz halda bu institutun qanundan çıxarılması geriyə atılan addım olardı”.

İctimai müzakirə təşkil olunmalıdır

Deputat Siyavuş Novruzov bildirib ki, əgər bu fəsil qanunvericilikdə varsa, onu çıxarmağa ehtiyac yoxdur. Onun sözlərinə görə, bunun nə zaman lazımsız olduğu sübut olunsa çıxarmaq olar:

“Həm də bu məsələnin Milli Məclisə çıxarmazdan əvvəl ictimai müzakirəsini təşkil etmək lazımdır. Ən sərt rejim olan sovet məhkəməsində xalq nümayəndəsi var idi və proseslərdə iştirak edirdi. Andlılar Məhkəməsinin olması həm də vəkillik institutunun inkişafı deməkdir. Andlılar Məhkəməsinin olması bəzi neqativ halların qarşısını alır. Elə hakimlər var ki, öz şəxsi marağına görə, ədalətsiz hökmlər çıxarır. Məncə, Andlılar Məhkəməsi bunun da qarşısını alır. Hesab edirəm ki, bu məsələ qanunvericilikdə qalmalıdır”.
Biz bu fəslin qanunvericiklikdən çıxarılmasını istəyirik.

Deputat Rəfael Cəbrayılov isə deyib ki, Andlılar Məhkəməsinin qanunda qalmasını dəstəkləmir:

“Bu ölü müddəalardır. Bu Azərbaycanın sürətli inkişafı fonunda görünmür. Ölü qanun pis qanundan daha pisdir. Andlılar məhkəmədə klassik formada təqsirlilik məsələsini həll edir. Amma peşəkar hüquqşünaslar var ki, bunu müəyyən edə bilmirlər. Dünya statistikasına baxanda görərik k, dünyada Andlılar Məhkəməsinin baxdığı işlər ümumilikdə baxılan işlərin 1 faizini təşkil edir. Qüdrət müəllim arqumentləri ilə razılaşmıram”.

Bu institutun Azərbaycanda işləməsi qeyri realdır

Deputat Fəzail İbrahimli deyib ki, Andlılar Məhkəməsi ancaq hüquqi məsələ deyil: “Bizim qanunlarımız roman-german prinsipləri üzərində qurulub. Hesab edirəm ki, Azərbaycanın reallığı nəzərə alınmalıdır. Bu institutun Azərbaycanda işləməsi qeyri realdır”.

Andlı İclaslarının ləğvi üçün heç bir əsas yoxdur

DİP sədri, deputat Asim Mollazadə söyləyib ki, ictimaiyyətin rolu yüksək olmalıdır: “Azərbaycan müasir dövlət olaraq ictimaiyyətin hər yerdə rolunu saxlamalıdır. Andlı İclaslarının ləğvi üçün heç bir əsas yoxdur. Biz nədən bundan imtina edirik? Mən səbəb görmürəm”.

Ölü müddəanın qanunda saxlamağın nə mənası var?

Birinci vitse spiker Ziyafət Əsgərov söyləyib ki, məsələnin bu qədər şişirdilməsini gözləmirmiş: “Bu institut 14 ildir ki, qanuna salınıb, amma işləmir. Ölü müddəanın qanunda saxlamağın nə mənası var? Bu gün bizim orta statistik hüquq düşüncəmiz bu institutun işləməsinə imkan vermir. Vətəndaşların hüquq düşüncəsi inkişaf edəndən sonra 20-30 ilə yenidən gündəmə gələ bilər”.

Sonda fikir ayrılığı yaradan layihə səsə qoyularaq qəbul olunub.

Nemət


Müəllif: