Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Abdullayev etimadnaməsini Cibutinin prezidenti İsmayıl Ömər Quelleyə təqdim edib.
Azərbaycanın Əddis-Əbəbədəki səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, Cibuti prezidenti ilə keçirilmiş görüşdə E.Abdullayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını İsmayıl Ömər Quelleyə çatdırıb. E.Abdullayev Azərbaycanın Afrika qitəsinin mühüm ölkələrindən biri olan Cibuti ilə münasibətlərin inkişafı üçün böyük potensialının mövcud olduğunu bildirib.
Cibutinin prezidenti İsmayıl Ömər Quelle öz növbəsində salamlarının və hörmətinin Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib. Ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini qeyd edən Cibuti prezidenti İsmayıl Ömər Quelle səfir Elman Abdullayevə fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə həmçinin, müxtəlif sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.