Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.
Teleqraf.com xəbər verir ki, toplantı iştirakçıları son vaxtlar Türkiyədə daxili çaxnaşmaların sürəkli hal almasından, bir sıra Avropa dövlətlərinin xristian təəssübkeşliyindən qaynaqlanan təzyiqlərinin artmasından narahat olduğunu bildirib və Azərbaycan hakimiyyətini bu çətin məqamlarda Türkiyənin yanında olmağa, strateji əməkdaşlığını davam etdirməyə, milli mənafelərimizin üst-üstə düşdüyü beynəlxalq məsələlərdə vahid mövqedən çıxış etməyə çağırıb.
İdarə Heyəti ölkə əhalisinin böyük kəsimini təşkil edən İranda Azərbaycan türklərinin, həmçinin kürdlərin ana dilində tədrisinə qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılması, təhsillərini öz dilində almaq hüququnu tanıması ilə bağlı İran rəsmilərinin atdığı addımı alqışlayıb və İran rəhbərliyini bu istiqamətdə daha proqressiv islahatlar keçirməyə səsləyib.
İdarə Heyəti dünya şöhrətli boksçu, uzun illər ABŞ-da irqi ayrı seçkiliyə, aporteid siyasətinə qarşı alovlu mübariz, islamın tanınmış şəxsiyyətlərindən biri olan Məhəmməd Əlinin ölümü ilə bağlı ABŞ ictimaiyyətinə, onun doğmalarına və islam dünyasına baş sağlığı ünvanlayıb.
CAVAD