Bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, toplantıda bir sıra qanun layihələri müzakirə edilib.
Komitə sədri Əli Hüseynli diqqətə çatdırıb ki, ilk iki məsələ “Notariat haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir.
Belə ki, “Notariat haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinə 6-cı bəndin əlavə edilməsi təklif olunur. Həmin əlavəyə əsasən, notariat hərəkətləri aparan digər vəzifəli şəxslərə sahəsi beş hektardan çox olmayan xüsusi mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin bir ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsi barədə müqavilələri, habelə həmin torpaq sahələrinin iki ildən artıq olmayan müddətə icarəyə və istifadəyə verilməsinə dair etibarnamələri təsdiq etmək səlahiyyəti verilir.
Həmçinin bu qanunun 32-ci maddəsinin yeddinci hissəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 5.1-2-ci maddəsində “notarius” sözündən sonra “notariat hərəkətləri aparan digər vəzifəli şəxslər” sözləri əlavə edilir.
Çıxış edən deputatlar Rövşən Rzayev və Fəzail Ağamalı bu dəyişikliklərin kənd təsərrüfatının inkişafına xidmət etdiyini və insanların işini asanlaşdıracağını diqqətə çatdırdılar.
Sonra gündəlikdəki üçüncü məsələ - Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında məlumat verilib. Bildirilib ki, məcəllənin 38-ci maddəsinə təklif olunan dəyişiklik Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış “ASAN Viza” sisteminin fəaliyyətinin təşkili ilə bağlıdır. Həmin maddədə elektron vizanın alınması barədə müraciətə baxılması müddəti, vizanın qüvvədə olma müddəti, vizanın müddətinin uzadılmasına qoyulan tələblər və digər məsələlər öz əksini tapıb. Çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Vüsal Hüseynov, Çingiz Qənizadə, Məlahət İbrahimqızı və dəvət edilmiş qonaqlar bu sistemin ölkəmizdə turizmin inkişafına təkan verəcəyini diqqətə çatdırdılar.
Müzakirələrin sonunda gündəlikdəki hər üç qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.
Nemət