7 İyun 2016 12:01
1 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsinin sədr müavini, Yeni Azərbaycan Partiyası İcra katibliyi siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə iyunun 2-də Almaniya Bundestaqında Osmanlı imperiyasında 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyan qətnamənin müəllifi və fəal dəstəkçisi, milliyyətcə türk olan Cem Özdemirə alman dilində müraciət ünvanlayıb.

Teleqraf.com-un məlumatına görə, müraciətdə deyilir:

“Cənab Cem Özdəmir! Sizin təşəbbüsünüzlə Almaniya parlamentində Osmanlı imperiyasında 1915-ci il hadisələrini soyqırımı kimi nəzərdə tutan qanunun qəbul edilməsi sivil dünyada, o cümədlən türkdilli Azərbaycan xalqında böyük təəccüb və təəssüf doğurdu.

Azərbaycan Türkiyə ilə qardaş ölkə, strateji müttəfiqdir və buna görə də onunla və istənilən türkdilli dövlətlə bağlı baş verənlərə həssaslıqla yanaşır. Eyni zamanda Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən 1991-1994-cü illərdə işğal edilib və əhalimizin bir milyon nəfərindən çoxu Ermənistan qoşunları tərəfindən öz torpaqlarından çıxarılıb və məcburi köçkünə çevrilib.

Ermənistan silahlı qüvvələri 26 fevral 1992-ci ildə Xocalı şəhərində genosid törədib, bir gecədə 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla 613 nəfər qətlə yetirilib, 8 ailə tamam məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 Xocalı sakini itkin düşüb.

BMT Təhlükəsizlik Şurasının 1992-1993-cü illərdə 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib və ondan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxartmaq tələb edilib. Qətnamələr indiyə qədər yerinə yetirilməyib.

Ancaq nə bütün dünyanın reaksiya verdiyi Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərindən işğal edilməsi və bir milyon azərbaycanlının məcburi köçkün düşməsi məsələsinə, nə Ermənistan tərəfindən törədilən Xocalı faciəsi məsələsinə, nə də Türkiyənin düçar olduğu terror hadisələrinə siz indiyədək münasibət bildirməmisiniz”.

A.Mirzəzadə daha sonra deyib: “Siz uydurma “erməni soyqırımı” məsələsinin yalan və Türkiyəyə qarşı təzyiq vasitəsi olduğunu bir türk və Türkiyədə böyümüş bir insan kimi bilməli idiniz. Heç olmasa bu layihəni hazırlayarkən həmin dövr üzrə ixtisaslaşan dünya tarixçiləri ilə məsləhətləşə bilərdiniz. Siz bilməli idiniz ki, Türkiyə dəfələrlə Ermənistana birgə komissiya yaradaraq 1915-ci il hadisələrinə birdəfəlik aydınlıq gətirmək üçün arxivlərdə işləmək təklifi etsə də, təklif Ermənistan tərəfindən rədd edilib. Çünki erməni millətçilərinin soyqırımı iddiası heç bir arxiv materialları ilə təsdiqlənmir və bu, dəfələrlə ciddi elmi və siyasi dairələr tərəfindən səsləndirilib. Elə siz özünüz də 15 il əvvəl yazdığınız məqalənizdə Fransada soyqırımının tanınmasını tənqid edərək, “1915 və ondan əvvəl 1895-ci ildə baş verən hadisələrin ələ alınma yeri nə Vaşinqton, nə də Paris və Berlindir” deyə vurğulamışdınız.

Son dövrlər Türkiyə ilə Almaniya arasında münasibətlər heç də xoş günlərini yaşamırdı. Bu situasiyadan erməni milllətçi dairələri və antitürk mərkəzləri uğurla istifadə etdilər və heç bir tarixi fakta söykənməyən qərar münasibətlərin gərgin olduğu bir zamanda emosiyalar üzərində qəbul edildi. Ağrıdıcıdır ki, bu səlib yürüşünün önündə siz və türk millətindən olan daha 10 Bundestaq deputatı getdiniz. Yeganə həqiqət müdafiəçisi isə türk dünyası ilə heç bir bağlılığı olmayan xristian-demokrat Bettina Kudla oldu. Bu məqamda Türkiyə və türk dünyası siz 11 türk deputatından ədalət və müdafiə gözləyirdi. Amma ona ən ağır zərbəni isə elə sizlər, öz oğul və qızları vurdular.

Almaniya qüdrətli dövlət, alman xalqı müdrik xalqdır. Nə zamansa Almaniya bu məsələyə yenidən qayıdacaq və 2 iyunda buraxdığı səhvi düzəldərək Tükiyədən üzr istəyəcək. Ancaq sizlərin üzrü isə qəbul edilməyəcək, çünkü anaya xəyanət edən oğullar bağışlanmır”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər