“Terror Türkiyəni yenə ürəyindən – İstanbulda vurdu. Türkiyə artıq mövcud vəziyyətə alışıb. Acı olsa da, Türkiyənin hələ ki, başqa alternativi yoxdur. Çünki, Türkiyə PKK-nın ölkənin şərqində kökünü kəsmək məcburiyyətindədir”.
Teleqraf.com xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirib.
E.Şahinoğlu qeyd edib ki, ordunun və polisin uğurları göz qabağındadır: “Ötən ilin 22 iyulundan bu yana terrora qarşı başladılan mübarizədə ümumilikdə 2 minə yaxın terrorçunun məhv edildiyi bildirilir. Elə savaş başlamadan əvvəl PKK-nın Türkiyə içərisində məhz bu qədər silahlı terrorçusu olduğu ehtimal edilirdi. Əlbəttə, PKK Suriya və İraq üzərindən Türkiyədəki tərəfdarlarına yenidən silah ötürməyə çalışacaq. Ancaq bu əvvəlki illərdəki qədər asan olmayacaq. Çünki birincisi, PKK-nın Türkiyədə partizan savaşı apara biləcək tərəfdar sayı azalıb, ikincisi Türkiyə ordusu İraqla sərhədi möhkəmləndirib”.
Səxavət