İyunun 7-də Bişkekdəki “Ala-Arça” Dövlət iqamətgahında Qırğızıstanın sədrliyi ilə MDB Hökumət Başçıları Şurasının yubiley iclası keçirilib.
İclasda Rusiya, Qırğızıstan, Qazaxıstan, Belarus, Moldova, Tacikistanın Baş nazirləri Dmitri Medvedev, Sooronbay Jeenbekov, Kərim Məsimov, Andrey Kobyakov, Pavel Filipp, Koxir Rasulzoda, Azərbaycanın Baş nazirinin müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyətləri iştirak ediblər.
Özbəkistan və Türkmənistan iclasda Baş nazirlərin müavinlərinin rəhbərlik etdikləri nümayəndə heyətləri ilə təmsil olunublar.
İclasda MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev də iştirak edib.
Ukrayna nümayəndə heyəti iclasa gəlməyib.
İclası Qırğızıstanın Baş naziri Sooronbay Jeenbekov açaraq qonaqları salamlayıb, MDB çərçivəsində əlaqələrin daha da genişləndirilməsi, MDB və Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələr arasında ticarət-iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinin və azad ticarət zonası rejiminin formalaşdırılmasının vacibliyinə toxunub.
Baş nazir qonaqları bu ilin sentyabrında İssık-Kul gölünün sahillərində keçiriləcək ikinci Dünya Köçəri Oyunlarına baxmağa dəvət edib. Onun sözlərinə görə, bu, yalnız idman yarışı deyil, həm də dünya xalqları və mədəniyyətləri arasında dialoqdur.
Hökumət başçıları azad ticarət zonalarının fəaliyyətinin səmərəliliyinin artırılması, elektrik enerjisi sahəsində innovativ əməkdaşlıq, qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi, radioaktiv mənbələrin yerdəyişməsi, aqrobiomüxtəlifliyin saxlanılması məsələlərini nəzərdən keçiriblər.
Şuranın iclasında ərazilərin minalardan təmizlənməsi sahəsində silahlı qüvvələr üçün mütəxəssislərin hazırlanması, kimya sahəsində kadrların ixtisasının artırılması, habelə hərbi metrologiya problemlərinin tədqiqi və nəqliyyat kompleksinin inkişafının elmi-texniki təminatı üzrə baza təşkilatları statusunun verilməsi haqqında qərar layihələri də müzakirə edilib.
İclasda 2020-ci ilə qədər MDB ölkələrində əhalinin siyahıya alınmasının keçirilməsi, Birlik ölkələrinin gənclərlə iş, gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, səhiyyə sahəsində əməkdaşlıq haqqında bir sıra məsələlər müzakirə edilib. Hökumət başçıları Birlik ölkələrinin mədəniyyət və incəsənət sahəsindəki uğurları ilə əlaqədar humanitar əməkdaşlığın möhkəmlənməsinə yönələn “ART EXPO” beynəlxalq sərgisinin keçirilməsi məsələlərini də müzakirə ediblər.
Ümumiyyətlə iclasda iyirmidən çox məsələ müzakirə edilib ki, bunun da əksəriyyəti iqtisadi sahəni əhatə edir.
İclasda Şuranın növbəti görüşünün bu ilin oktyabrında Minsk şəhərində keçirilməsi barədə qərar qəbul edilib.
Sergey Lebedev iclasın yekunları ilə əlaqədar keçirdiyi brifinqdə bildirib ki, görüşdə MDB çərçivəsində inteqrasiya proseslərinin gücləndirilməsi üçün 16 sənəd imzalanıb. İclasda MDB-nin icraiyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi və təşkilatın səmərəliliyinin artırılması üçün qərar qəbul olunub. Deyilib ki, iclasda qəbul edilən qərarlar bu ilin sentyabrında Qırğızıstanda keçiriləcək MDB Dövlət Başçıları Şurası iclasının gündəliyinə salınacaq. (“Azərtac”)