Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olan “Qəbələ” iyunun 16-da start verdiyi hazırlıqlarını başa vurub.
Teleqraf.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, “qırmızı-qaralar” toplanışı 3-cü yoxlama oyunu ilə yekunlaşdırıb.
Roman Qriqorçukun komandası hazırlıqların son günündə Bolnisinin “Sioni” klubu ilə üz-üzə gəlib. İyunun 22-də rəqibini 4:0 hesabı ilə məğlub edən “Qəbələ” bu dəfə qollu heç-heçə ilə kifayətlənib. Təmsilçimiz matçın 20-ci dəqiqəsində hesabı açıb. Gürcüstan klubunun qapısına yeni transfer Nika Kvekveskiri yol tapıb. Bu qoldan 15 dəqiqə sonra meydan sahibləri hesabda tarazlıq yarada bilib – 1:1. Oyundan sonra komanda Bakıya qayıdıb.
Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Samtredia” klubu ilə görüşəcək “Qəbələ” qonşu ölkədə 3 yoxlama matçı keçirib. “Qırmızı-qaralar” “Sioni”ylə qarşılaşmalaradək (4:0, 1:1) Qorinin “Dila” klubu ilə (2:0) üz-üzə gəlib.