1 İyul 2016 00:58
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qəbələ" futbol klubunun prezidenti Tale Heydərov Gürcüstan "Samtredia"sı ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Teleqraf.com "Report"a istinadən həmin müsahibəni təqdim edir...

- Oyun barədə nə deyə bilərdiniz?
- Çox sevindirici haldır ki, belə bir hesab oldu. Lakin bu hesab hər şey demək deyil. Ümid edirik ki, gələn oyunlarda da bu cür oyun nümayiş etdirəcəyik.

- Hesab aydındır. Bəs komandanın oyunu sizi nə dərəcədə qane etdi?
- Demək çətindir. Əlbəttə, hesaba görə "qane etdi" demək asandır. Məncə, çox gözəl oyun oldu. Növbəti rəqiblərlə oyunlara əsasən, daha dəqiq fikir yürütmək olar.

- Yeni transferlərin çıxışlarını necə dəyərləndirərdiniz?
- Mən şəxsən yeni transferləri bəyəndim. Lakin onları daha çətin sınaqlarda yoxlamaq lazımdır. Fikrimcə, pis transferlər deyillər.

- Düşünmürsünüzmü ki, bu, ən rahat başlanğıc oldu?
- Bəli, razıyam. Ən rahat start oyunu idi.

- Yeni transferlər gözlənilir?
- Bəli. Bir hücumçu axtarırıq. Bu yaxınlarda onu da transfer edəcəyik.

- İlkin təəssüratlarınız necədir: Bu, yoxsa ötənilki komanda daha güclü təsir bağışlayır?
- Demək çətindir. Hesab edirəm ki, ötənilkindən pis deyil. Ola bilsin, daha da yaxşıdır. Gələn oyunlarda bunu daha aydın görəcəyik.

- Bu mövsüm "Qəbələ"nin hədəfi nə olacaq?
- Əlbəttə, hədəf həmişə daha irəli getmək olur. Bizim də məqsədimiz ötənilki nailiyyəti daha da yüksəltməkdir. Komandadan yenə qrup mərhələsinə vəsiqə gözləyirəm.

- Teo Uiksin çıxışını necə dəyərləndirərdiniz?
- Bu, çox gözlənilməz oldu. Ümumiyyətlə, 3 qol vurmağımız gözlənilməz idi, nəinki bir futbolçunun het-trik etməyi. Çox gözəl qollar idi.

- Ötən mövsümün sonunda "Qəbələ" zəif çıxış etdikdə, elə təəssürat yarandı ki, komandadan incik düşmüsünüz. Komandanız yenə uğur qazanmaqla həmin inamı qaytara bilər?
- Hədəflərimiz həmişə böyükdür. Şəxsən mənim qoyduğum məqsədlər yüksəkdir. Ona görə ötən mövsüm "Qəbələ"dən Azərbaycan Premyer Liqasında daha yaxşı nəticə gözləyirdim. Təəssüf ki, komandamız bu inamı doğrulda bilmədi. Ona görə də ümid edirəm ki, Avroliqa qarşılaşmalarında bəlkə nə isə nəticə verdilər.

- Büdcənin artırılması gözlənilir?
- Xeyr, əksinə azalma baş verib. Büdcə artımından söhbət getmir.

- Bu, mövcud maliyyə problemlərindən irəli gəlir?
- Bəli. Əlbəttə, maliyyə problemi böyük rol oynayır. Digər tərəfdən, hesab edirik ki, qənaət etməklə də nəticə əldə etmək olar.

- Bəs maliyyələşmənin azalması komandanın nəticə göstərməsində rol oynaya bilər?
- Əlbəttə, rol oynaya bilər. Amma biz düzgün transferlər etmək üçün maksimum çalışmışıq. Bildiyiniz kimi, ötən il bəzi uğursuz transferlər etmişdik. Daha effektli transferlərlə bunu neytrallaşdırmaq mümkündür.

- Bu gün "Qəbələ" Futbol Akademiyasının da oyunçuları sonradan meydana daxil oldular. Bu, onu göstərirmi ki, "Qəbələ" zaman-zaman öz akademiyasının yetirmələrinə güvənəcək?
- Bəli. Baş məşqçinin qarşısında hədəf qoyulub ki, daha çox yerli futbolçuları və akademiyanın oyunçularını meydana buraxsın. Bu gün akademiyamızın yetirmələrindən bir neçəsi meydana çıxmışdı. Hədəf budur.


Müəllif:

Oxşar xəbərlər