UEFA bu ilin may ayında Bakıda 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında təşkil olunan Avropa çempionatında keçirilən Azərbaycan - Belçika oyununda qeydə alınan xoşagəlməz halla bağlı qərar qəbul edib.
Fanat.az xəbər verir ki, oyun zamanı Belçika komandasının nümayəndələri öz oyunçularına qarşı azarkeşlər tərəfindən Azərbaycan qonaqpərvərliyinə yaraşmayan irqçi ifadələrin səsləndirildiyi iddiası ilə UEFA-ya müraciət ediblər.
UEFA dərhal AFFA-ya qarşı intizam icraatı başlayaraq məsələni araşdırıb və AFFA-dan məsələyə münasibət bildirməsini tələb edib. AFFA tərəfindən məsələyə əsaslandırıcı münasibət bildirilib, azarkeşlərimizin hər zaman FİFA-nın və UEFA-nın futbolda irqi və digər ayrı-seçkiliklərə qarşı prinsipinə uyğun davrandıqları qeyd olunub.
Yekun olaraq, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi məsələ ilə bağlı AFFA-nın əsaslandırılmış mövqeyini nəzərə alaraq, bu cür hallarda nəzərdə tutulan ən yüngül cəza növlərindən birini – UEFA bayrağı altında keçiriləcək yarışlar zamanı növbəti ev oyununda azı 300 nəfərdən ibarət olan sektorun bir oyunluq qapadılması və həmin sektorda UEFA-nın loqosu əks olunan "No to Racism” (Rasizmə yox) şüarının yerləşdirilməsi barədə qərar qəbul edib. Qərar 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 6-da, "Dalğa Arena”da keçiriləcək Azərbaycan-Farer adaları oyununda icra olunacaq.