“Barselona” “Valensiya”nın yarımmüdafiəçisi Andre Qomeşin transferini rəsmiləşdirib.
AZƏRTAC xəbər verir ki, 22 yaşlı futbolçu ilə beşillik müqavilə imzalanıb.
Portuqaliyalı futbolçunun transferi Kataloniya təmsilçisinə 35 milyon avroya başa gəlib. Bu məbləğin 20 milyonunu öncədən “Valensiya”ya verəcək “Barselona” qalan 15 milyon avronu isə qarşıdakı illərdə ödəyəcək.
Qeyd edək ki, “Valensiya” Qomeşi 2014-cü ildə 15 milyon avro müqabilində “Benfika”dan transfer etmişdi.