Azərbaycan cüdoçusu Elmar Qasımov “Rio-2016”da Azərbaycan millisinin aktivinə ikinci gümüş medalı yazdırıb.
Teleqraf.com xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Elmar Qasımov finalda 2014-cü ilin dünya və Avropa çempionu çexiyalı Lukas Krpalekə uduzaraq XXXI Yay Olimpiya Oyunlarını gümüş medalla başa vurub.
XXXI Yay Olimpiya Oyunlarının altıncı günündə - avqustun 11-də mübarizəyə qoşulan Elmar Qasımov 1/16 final mərhələsində Rusiya təmsilçisi, Avropa, dünya və Olimpiya çempionu Tahir Xaybulayevi məğlub edib. Səkkizdəbir finalda Lyes Bouyakoubu (Əlcəzair) mübarizədən kənarlaşdıran Elmar Qasımov dörddəbir finalda Afrika çempionatının qalibi misirli Ramadan Dərvişi məğlub edərək yarımfinala vəsiqə qazanıb. Azərbaycan idmançısı bu mərhələdə ukraynalı Artem Bloşenkoya qalib gələrək finala yüksəlib.
Rio Olimpiadasında cüdoçularımızdan Rüstəm Orucov (73 kq) avqustun 8-də Azərbaycana gümüş medal qazandırmışdı.