Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarının cüdo yarışlarında iştirak edən Azərbaycan idmançıları avqustun 14-də Vətənə qayıdıblar.
Teleqraf.com-un “Azərtac”a istinadən verdiyi xəbərə görə, mötəbər yarışın üçüncü günündə Rüstəm Orucov (73 kq), altıncı günündə isə Elmar Qasımov (100 kq) ölkəmizə gümüş medal qazandırıb. Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları və azarkeşlər iştirak ediblər. Milli musiqi sədaları altında təşkil olunan mərasimdə cüdoçulara gül dəstələri təqdim olunub. Son 10 ayın gərgin məşq prosesləri ilə keçdiyini bildirəm Elmar Qasımov mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib. “Rio-2016”nın gümüş mükafatçısı deyib: “Braziliyaya çempionluq üçün yollanmışdım.
Ancaq düşündüyüm kimi alınmadı. Buna baxmayaraq üçrəngli bayrağımızı Rioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”. On gün istirahətdən sonra yenidən məşq prosesinə start verəcəyini bildirən Rüstəm Orucov növbəti hədəfinin gələn il Bakıda təşkil olunacaq IV İslam Həmrəyliyi Oyunları olacağını söyləyib. “Keçirdiyim dörd görüşdə asanlıqla qələbə qazandım. Ən çətin görüşüm yaponiyalı rəqibə qarşı final oyunu oldu. Qazandığım nailiyyətə görə, öz şəxsi məşqçimə təşəkkürümü bildirirəm”, - deyə cüdoçumuz vurğulayıb.