7 Sentyabr 2016 18:19
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hamımız millimizdən böyükhesablı qələbə gözləyirdik. Ancaq hələlik millimizin oyun üslubu yoxdur. Bununla belə üç xal qazanmışıq”.

Bu sözləri Qol.az-a açıqlamasında Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın DÇ-2018-in seçmə mərhələsində San Marino ilə səfər oyunu (1:0) haqda danışarkən deyib.

Millimizin sabiq çalışdırıcısı komandamızın zəif San Marino yığmasına çətinliklə qalib gəlməsini belə izah edib: “Biz həmişə müdafiədə oynamışıq. İndi birdən-birə hücum futbolu oynaya bilmirik. Hələ ki, oyunçulara hücum futbolu çatmır. Ancaq bunun da vaxtı çatacaq.

Məncə, millimiz Avro-2020-yə hazırlaşır. Heyəti də buna uyğun təkmilləşdirmək lazımdır. İndi bizdə lider futbolçu yoxdur. Oyunu üzərinə götürən futbolçu lazımdır. Millimiz komanda oyunu oynamaq istəyir. Məncə, yığmamız seçmə mərhələnin növbəti oyunlarında yaxşı çıxış edəcək”.

Təcrübəli mütəxəssis millimizin San Marino ilə oyunda razı və narazı qaldığı məqamlara toxunub: “Həmişə deyirdik ki, bizdə başla qol vuran futbolçu yoxdur. Ancaq gördüyünüz kimi, Ruslan Qurbanov qələbə qolunu başla vurdu. Bu da vacib amildir.

Narazı qaldığımız məqamlara gəldikdə isə həm mərkəzdə, həm də hücumda problemlər var. Orta xətdə çevik oyun yoxdur. Topu ön xətt oyunçularına ötürməkdə ləngiyirlər. Qeyd etdiyim kimi, öyrəşməmişik ki, bizə qarşı müdafiə olunsunlar. Həmişə biz özümüz müdafiədə oynamışıq. Bizdə müdafiə olunub, əks hücumlar etmək daha yaxşı alınır.

A.Mircavadov 21 yaşadək futbolçulardan ibarət milli komandamızın Farer adaları ilə biabırçı oyunundan (1:1) da söhbət açıb: “Bu komandamızda vəziyyət bir qədər fərqlidir. Məsələ ondadır ki, U-21-in heyətinin yarısı öz klubunda ehtiyatda qalan oyunçulardır. Oyun təcrübələri yoxdur. Bununla belə, Farer adaları ilə oyunda komandamız böyük üstünlüyə malik idi. Futbolçularımızın ləngliyi nəticənin bu cür olmasına səbəb oldu. Təbii ki, Farer adalarını uda bilməməyə heç bir bəhanə keçərli deyil.

Biz milli komanda deyiriksə, deməli, ilk növbədə futbolçularda istək olmalıdır. Bayrağa, himnə sevgi olmalıdır. Düzdür, ikinci hissədə istəkli oynadılar. Bəs niyə əvvəldən belə oynamırdılar?

U-21 millisi nə üçün yaradılıb? Məqsəd A milli komandaya futbolçu yetişdirməkdir. Burada futbolçudan çox şey asılıdır. Mən də məşqçi olmuşam. Futbolçu tənbəldirsə, üzərində çalışmırsa, qoy elə futboldan getsin”.


Müəllif:

Oxşar xəbərlər