Ötən gecə baş tutan Çempionlar Liqasının "Borussiya" (Münzhenqladbax) - "Barselona" matçı qonaqlar üçün heç də yaxşı başlamadı. 34-cü dəqiqədə Torqan Hazardın hesabı açan qoluna kataloniyalılar 65-ci dəqiqəyədək cavab verə bilmədi.
Yalnız son dövrdər ideal formada olan Arda Turanın meydana çıxması vəziyyəti dəyişdi. Luis Enrikenin 60-cı dəqiqədə xilaskar kimi meydana buraxdığı türk futbolçu cəmi 5 dəqiqə sonra gözəl qolla bərabərliyi təmin etdi. Bundan sonra özünə gələn "Barsa" 74-cü dəqiqədə Cerard Pikenin qələbə qoluna sevindi - 2:1.
Fanat.Az xəbər verir ki, matça Arda Turanın qol sonrası etdiyi hərəkət damğa vurub. Hər zamankı kimi qoldan sonra səcdə edən türk futbolçu komanda yoldaşlarının təbriklərini qəbul etdikdən sonra dişlərini sığaraq sağ yumruğunu havaya qaldırıb.
Ulduz futbolçunun bu hərəkəti Fatih Terimə mesaj kimi dəyərləndirilib.
Qeyd edək ki, Fatih Terim Arda Turanı millinin son oyununa dəvət etməyib.