AFFA dünyaca ünlü klublarla əməkdaşlıq layihələri həyata keçirdiyini bildirir. AFFA-nın baş katibi Elxan Məmmədovun ideyası olan bu layihələr cəmiyyətə səs-küylə təqdim olunsa da, heç bir nəticəsi olmur.
Teleqraf.com xəbər verir ki, ötən il AFFA ilə “Ayaks” Futbol Akademiyası arasında əməkdaşlıq barədə müzakirələr aparıldı. Əsas müzakirə mövzusu isə “Ayaks”ın Bakıda Futbol Akademiyasının açılması idi. Lakin şərtlərin müzakirə olunması və müvafiq qərarlar qəbul ediləcəyi deyilsə də, heç nə olmadı. Beləliklə də, növbəti məşhur klubla növbəti layihə fiaskoya uğradı. Bu məsələ ilə bağlı sportal.az-a açıqlama verən AFFA-nın baş katibi Elxan Məmmədov bütün günahı “Ayak”sın üzərinə atıb:
“Məlumdur ki, “Ayaks”ın Afrika və Asiya ölkələrində akademiyaları, bu qitələrin bəzi ölkələrində komandaları var. Sonradan “Ayaks”ın futbol akademiyasında oldum və söhbət zamanı Bakıda belə bir akademiyanın açılması üçün bizdən 500 min avro pul tələb etdilər. Bu qiymətə cəmi iki məşqçinin məvacibi daxil idi. Onlardan biri daim, digəri isə ayda 3 günlük məşq keçmək üçün Bakıda olacaqdı. Təbii ki, bu məbləğ bizi razı salmadı və bu üzdən əməkdaşlıq baş tutmadı”.