AFFA-nın aşağı yaş qruplarından ibarət komandalar üçün təşkil etdiyi liqalarda növbəti oyunlar keçirilib.
Teleqraf.com-un gabalafc.az saytına istinadən yaydığı xəbərə görə, "Qəbələ” Futbol Akademiyasının komandaları 12 matçda qüvvəsini sınayıb. Təmsilçilərimiz bu görüşlərin 11-də qalib gəlib.
U-19 komandası səfərdə AZAL-ı 2 cavabsız qolla məğlub edib. 4 turdan sonra məğlubiyyətsiz irəliləyən "qırmızı-qaralar” 10 xalla 3-cü pillədə qərarlaşıb.
U-17 isə "İnter”lə səfərdən eyni hesabla qalib ayrılıb. Ardıcıl 3-cü qələbədən sonra təmsilçimiz itkisiz irəliləyən 3 komandadan biridir. U-15 "Kəpəz”lə II turun səfər matçında 8:0 hesabı ilə qalib gəlib. 6 xala malik komanda 100 faizli nəticə göstərən 3 iştirakçıdan sırasındadır.
Paytaxt regionunun Bakı zonasında çıxış edən U-14 və U-13 də növbəti oyunlarını keçirib. U-14 "Neftçi” İK İB üzərində 4:0 hesablı qələbə ilə 3 matçdan sonrakı xal hesabını 9-a çatdırıb. "Təhsil FM”ə 7:0 hesabı ilə qalib gələn U-13 ilk qələbəsini qazanıb. Komanda 3 oyundan sonra 4 xala malikdir.
Şimal-Qərb və Qarabağ regionunun Qəbələ zonasında mübarizə aparan U-12, U-11 və U-10-ların yarışında klubumuz bir neçə komanda ilə təmsil olunub. U-12 Liqasında "Qəbələ” UGİM-i (Qax) 12:1, UGİM İsmayıllı UGİM-ini 3:1 hesabı ilə məğlub edib. Qəbələnin hər iki təmsilçisi 2 turdan sonra 6 xalla liderliyə şərikdir. U-11 Liqasında UGİM İsmayıllı UGİM-ini 13:1, "Qəbələ” Qax UGİM-ini 12:0 hesabı ilə yenib. Komandalar ilk 2 turda 6 xal toplayıb. U-10 Liqasında "Qəbələ” "Kürmük”ü 14:0, Gİİ "Viktoriya”nı 9:4 hesabı ilə məğlub edib. UGİM isə "Şorsu”ya 2:3 hesabı ilə yenilib.