Oktyabrın 20-də UEFA Avropa Liqasının qrup mərhələsində üçüncü turun oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, 12 qrupda ümumilikdə 24 görüş oynanılacaq.
Azərbaycan çempionu “Qarabağ” doğma meydanda Yunanıstanın PAOK klubu ilə üz-üzə gələcək. İki oyundan sonra aktivinə sadəcə bir xal yaza bilən ağdamlılar hazırda qrupda sonuncu pillədə qərarlaşıblar. Qurban Qurbanovun yetirmələri doğma meydanda qalib gələ bilsələr, hazırda 4 xalı olan yunanlarla xalları bərabərləşdirəcəklər.
Azərbaycan futbolu üçün tanış olan PAOK ilə ötən mövsüm digər təmsilçimiz “Qəbələ” eyni qrupda mübarizə aparıb.
“Qarabağ” bugünkü oyuna ciddi itki ilə çıxa bilər. Komandanın kapitanı və müdafiənin əsas oyunçusu olan Rəşad Sadıqovun meydana çıxıb-çıxmayacağı hələ dəqiq müəyyənləşməyib.