Pekin Yay Olimpiya Oyunlarında dopinq-testlərinin təkrar analizləri müsbət nəticə verən Özbəkistan və Qazaxıstan güləşçiləri Soslan və Taymuraz Tigiyevin cəzalandırılması ilə əlaqədar Azərbaycan təmsilçilərinin mövqeyində ciddi dəyişiklik baş verməyəcək.
"Report"un məlumatına görə, səbəb hər iki idmançının azərbaycanlı pəhləvanlarla həmin olimpiadada üz-üzə gəlməmələridir.
Soslan Tigiyevin gümüş medal qazandığı 74 kq çəki dərəcəsində Azərbaycanı Çamsulvara Çamsulvarayev təmsil edib. Bu yaxınlarda İŞİD-in tərkibində İraqda öldürüldüyü bildirilən Çamsulvarayev "Pekin-2008"də ilk görüşdəcə uduzub. Onun məğlub olduğu Murat Qaydarov (Belarus) yarımfinalda məhz S.Tigiyevə məğlub olub. Özbəkistanlı güləşçinin gümüş medalının Qaydarova veriləcəyi gözlənilir. Bürünc medala isə Kiril Terziyevlə (Bolqarıstan) yanaşı, bürünc medal görüşündə belaruslu pəhləvana uduzan Ştefan Georgitseyə (Rumıniya) veriləcəyi gözlənilir.
Taymuraz Tigiyev isə "Pekin-2008"də 96 kq çəki dərəcəsində mübarizə aparıb. Həmin çəkidə Azərbaycanı təmsil edən Xetaq Qazyumov bürünc medal qazanıb. Lakin o, yarımfinalda T.Tigiyevə yox, olimpiya çempionu Şirvani Muradova (Rusiya) uduzub. Ona görə də qazaxıstanlı pəhləvandan alınacaq gümüş medal digər bürünc mükafatçı Georgi Qoqşelidzeyə (Gürcüstan) veriləcək. Qoqşelidzenin "bürünc"ü isə onun həlledci görüşdə yendiyi Mixel Batistaya (Kuba) təqdim olunacaq.
Qeyd edək ki, İOC-un qərarına əsasən, ləğv olunmuş medalın hansı idmançıya veriləcəyini Dünya Güləş Birliyi müəyyənləşdirəcək.