Tbilisidə 64 xanalıq dama üzrə Avropa çempionatı başlayıb. Azərbaycan bu çempionatda dörd idmançı ilə təmsil olunur.
Çempionatın təşkilatçısı, Beynəlxalq Dama Oyunları Federasiyasının baş katibi, dünya çempionu, beynəlxalq dərəcəli qrossmeyster Antonina Langina AZƏRTAC-a açıqlamasında deyib ki, yarışda 20-ə yaxın ölkədən 60-dan çox idmançı mübarizə aparacaq.
Onlar əsasən 3 növdə - standart, cəld və blits dama növləri üzrə mübarizə aparacaqlar. Çempionatda qalib gələn 6 idmançı 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək dünya çempionatına vəsiqə qazanacaq.
Noyabrın 12-də rəsmi açılışı olacaq çempionatın mükafat fondu 30 min avrodur.
Qeyd edək ki, Azərbaycanı bu çempionatda Aslan Aslanlı, Famil Kamilli, qadınlar arasında isə Vəfa Aslanova və Leyla Sadıqlı təmsil edirlər.
Çempionat noyabrın 20-də başa çatacaq.