"Üzücü bir oyun oldu. Həm "Sent-Etyen"lə, həm də bu oyun eyni oldu. Ani bir diqqətsizlik nəticəsində qapımızda qol gördük".
"Report"un məlumatına görə, bunu "Qəbələ"nin məşqçisi Sənan Qurbanov Avropa Liqasının V turunda Bakıda Belçika "Anderlext"i ilə oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
S.Qurbanov oyun haqda bunları bildirib:
"Baş məşqçimiz komandaya məlumat vermişdi ki, rəqibin heyətində sürətli oyunçular var. Bu "Qəbələ" üçün təcrübədir. Fikrimcə komanda təcrübə yığa-yığa yaxşı nəticə göstərəcək".
O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bundan əvvəl komandanı siz meydana çıxaranda uduzmurdu. Məğlubiyyətə səbəb nə oldu?
- Mən köməkçiyəm və baş məşqçinin tapşırığını icra edirəm. Məğlub olmaq həmişə pisdir. Oyunu analiz edib, çatışmayan cəhətləri aradan qaldırmalıyıq. Bu həm mənim, həm də komanda üçün təcrübədir".
- Üçüncü penaltini niyə Rikardinyo vurdu?
- Oyunöncəsi həm Rikardinyo, həm də Filip Ozobiçə tapşırılmışdı ki, penalti olsa, onlar vursun. Rikardinyo hazır idi. İki penaltini qola çevirdi, amma üçüncüdə bir az psixoloji cəhətdən rahat deyildi.
- Dabonun zədəsi nə yerdədir?
- İlkin olaraq topuğunda ağrı olduğu bildirilir. Amma dəqiq məlumatı müayinədən sonra alacağıq.