"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XIII turunda "Qəbələ" ilə ev oyunundan sonra təşkil olunmuş mətbuat konfransında insidentdən danışıb.
Q.Qurbanov qeyd edib ki, oyun çox maraqlı və vacib idi: "Hesabda geridə qalmağımıza baxmayaraq qələbə qazandıq. Futbolçularımı təbrik edir, "Qəbələ"yə uğurlar arzu edirəm. Həmişə o komanda və baş məşqçisi ilə münasibətimiz yaxşı olub".
Q.Qurbanov bildirib ki, insident olan yerə gedib: "Şahruddin səhvə yol veribsə, cəza alacaq. Ola bilər ki, sevindiyindən əl hərəkəti etsin. Amma qeyri-etik jest edibsə, cəzalanacaq. Komandamda belə bir şey ola bilməz. Amma açığı ondan bu addımı gözləmərəm. Penalti epizoduna gəlincə, bir dəfə olub ki, olmaya-olmaya penalti verilib və topu kənara vurmuşuq. Bu epizodda isə dəqiq görmək çətindir".
O, hakim idarəçiliyindən danışıb:
"Hakimliklə bağlı danışmıram. Ümumiyyətlə onların işinə qiymət vermirəm. Ağır oyunları idarə etmək o qədər də asan deyil. Konkret epizod olsa, cavab verə bilərəm. Amma ümumi epizodlara gəldikdə, qiymət vermək istəmərəm. Son dəqiqələrdə rəqib cərimə zərbəsi yerinə yetirəndə istəyirdim oyun bitsin. Çünki 10 nəfərlə qalmışdıq. Bizi əks-hücumda tuta bilərdilər. Həmin anda fikirlər fərqli olur. Qoldan sonra hər kəs meydanda idi. Bu səbəbdən Riçardla Ndlovunun birgə sevinməsinə nəsə deyə bilmərəm. Buraxdığımız qola gəlincə, bu cür epizodlar olur. Daha diqqətli olmaq lazımdır. Ümumi baxsaq, həm Elvinin, həm də Şehiçin səhvə yol verdiyini demək olar. Amma konkret kiminsə üstünə getsək, düzgün olmaz. İlk hissə düşündüyümüz kimi alındı. İkinci hissənin əvvəlində isə tempi bir az saxlaya bilmədik. Qarşılıqlı oyun getdi və səhvdən qol buraxdıq. Amma ümumi hər bir futbolçumdan razı qaldım".