“Kəpəz” futbol klubunda yeni təyinatlar rəsmiləşib.
Klubdan Teleqraf.com-a bildiriblər ki, Rəhman Əzizov “Kəpəz”in 13 yaşlılardan ibarət komandasının baş məşqçisi təyin olunub. Tanınmış uşaq futbol məşqçisi Konstantin Abramenkonun yetirməsi olan R.Əzizov Gəncə təmsilçisi ilə yanaşı, “Qəbələ”, “Bakılı”, “Şəmkir” və digər komandalarda çıxış edib. 2014-cü ildə karyerasını başa vuran R.Əzizov məşqçiliyə başlayıb və “C” kateqoriyasına malikdir.
R.Əziziov “Kəpəz”in U-13 komandasında İbrahim Hüseynovu əvəzləyib. Sonuncu isə işini U-17 komandasında davam etdirəcək. Ümumiyyətlə, Gəncə klubunda daha bir neçə dəyişiklik reallaşıb. Belə ki, 17 yaşlılardan ibarət kollektivin çalışdırıcısı Tofiq Məmmədov U-19-a köməkçi məşqçi, Fuad İsmayılov U-14 komandasına baş məşqçi təyin edilib. U-14-də işləmiş Tariyel Hüseynov isə aşağı yaş qrupları üzrə komandaların qapıçı məşqçisi olub.