Cüdo üzrə Azərbaycan yığmasının avstriyalı baş məşqçisi Peter Zayzenbaxer 3 azyaşlı qızı zorlamaqda ittiham olunur.
Verilən məlumata görə, artıq bununla bağlı istintaq işi yekunlaşıb və Peter Zayzenbaxerə qarşı rəsmi ittihamlar da irəli sürülüb, hansılar ki məhkəmədə sübut olunarsa, onu 10 illik həbs cəzası gözləyir.
P.Zayzenbaxerin taleyinə hakim Kristofer Bauerin sədrliyi ilə 2016-cı il dekabrın 19-na təyin olunan məhkəmədə aydınlıq gətirilməli idi. Lakin Zayzenbaxer məhkəmədən biraz əvvəl müəmmalı şəkildə "yoxa çıxdı" və bununla da məhkəmə prosesindən açıq şəkildə yayındı.
Avstriya məhkəməsi məşqçinin həbsinə artıq rəsmi order verib və o, hazırda beynəlxalq axtarışdadır.
Beləliklə, işin gedişatından aydın olur ki, 56 yaşlı əcnəbi məşqiçinin Millimizdə aqibəti demək olar ki, həll olunub və onunla 2016-cı ildə başa çatmış müqavilə daha uzadılmayacaq.
Maraqlıdır, bəs Cüdo Federasiyasının rəhbərliyinin Millimizin yeni baş məşqçisi ilə bağlı seçimi necə olacaq?
Bu suala hələlik birmənalı cavab vermək çətin olsa da, müəyyən gözləntilərimizi sizinlə bölüşmək istərdik.
Əvvəlcə onu qeyd edək ki, Azərbaycanda kifayət qədər təcrübəli cüdo mütəxəssisi var və əcnəbi mütəxəssisləri cəlb etməyə demək olar ki, ehtiyac duyulmur. Fikrimizi əsaslandırmaq üçün Ağayar Axundzadənin başçılığı altında Pekin Olimpiadasında Azərbaycan cüdosunun tarixində ən yüksək nəticə əldə etməsi faktını qabarda bilərik. Məhz həmin Olimpiadada Elnur Məmmədli qızıl, Mövlud Mirəliyev isə bürünc medal qazandı və bu nailiyyətə görə Ağayar Axundzadə Avropanın ən yaxşı məşqçisi adına layiq görüldü.
2015-ci ildə Azərbaycan Cüdo Federasiyasına yeni rəhbərlik gəldikdən sonra ölkədə cüdonun inkişafı üçün daha ciddi addımların atılmasına başlanıldı. Bu sırada təlim-məşq toplantılarının təşkili, təxniki təchizat məsələlərinin ən yüksək səviyyədə nəzərə alınması, eləcə də cavan və perspektivli cüdo mütəxəssislərinin irəli çəkilməsi kimi aruzlanan halları göstərmək mümkündür. Görülən işlər isə öz bəhrəsini verir və bir müddət tənəzzül dövrü yaşamış Azərbaycanın cüdo məktəbinə yeni nəfəs və ruh verilir.
Qeyd etmək yerinə düşər ki, Cüdo Federasiyasının rəhbərliyi millmizi avstriyalı baş məşqçiylə yanaşı, iki yerli mütəxəssisə - böyük məşqçilər Mövlud Mirəliyev və Fərhad Məmmədova etibar edib. Və elə bu fakta söykənərək belə güman etmək olar ki, hazırkı milliyə çox yaxşı bələd olan və ötən olimpiya dövründə əla nailiyyətlər əldə etməyi bacaran bu iki mütəxəssisdən biri baş məşqçi, digəri isə böyük məşqçi kimi fəaliyyət göstərəcək. Fərhad Məmmədov cavan, lakin olduqca istedadlı cüdo mütəxəssisimizdir. Ötən Olimpiya Oyunlarında onun üç yetirməsi yarışlarda iştirak edirdi. Rüstəm Orucovla Elmar Qasımov gümüş medal, Orxan Səfərov isə bürünc medalın bir addmlığında dayanaraq 5-ci yerlə kifayətlənməli oldu. Bu nailiyyətlərə görə Fərhad Məmmədov ədalətli olaraq 2016-cı ildə Azərbaycanın ən yaxşı məşqçisi seçildi.
İlk görünüşdə bu fakt Fərhad Məmmədovun baş məşqçi olması üçün üstünlüyü kimi görünsə də, əslində qeyd etdiyimiz hallar onun xeyrinə işləməyə də bilər. Çünki yığmada onun 3 şəxsi tələbəsinin təmsil olunması faktı komandaya yeni üzvlər cəlb olunmasında və onların lisenziya xarakterli yarışlarda iştirakı üçün seçilməsində Fərhad Məmmədovun nəzəri də olsa tərəfsizliyini şübhə altına ala bilər. Hər halda bu, bizim kənar müşahidələrimizdən doğan ehtimallardır.
Yığmanın digər böyük məşqçisi Mövlud Mirəliyev cüdo üzrə ağır çəki dərəcəsində dünya birinciliyinin və Pekin Olimpiadasının bürünc mükafatçısı, sambo üzrə dəfələrlə Avropa və dünya çempionudur.
Daha önəmli bir fakt da ondan ibarətdir ki, Mövlud Mirəliyev yığmada uğurlu məşqçilik fəaliyyətindən əvvəl yarışlarda iştirak etdiyi 10 ilə yaxın müddətdə Milli komandanın kapitanı olub və komandanın köhnə və yeni üzvlərinin arasında böyük hörmətə malikdir.
Bir daha qeyd edək ki, bu mütəxəssislərin hər ikisi hazırki komandaya və avstriyalı məşqçinin yığmada bu neçə ildə tətbiq etdiyi məşq prossesinə əla bələd olduğundan, ikisi də baş məşqçi postuna ən layiq görünürlər. Ölkə rəhbərliyinin, eləcə də Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinin etimadını doğruldan bu iki mütəxəssisin hansının baş məşqçi təyin olunmasından asılı olmayaraq bu uğurlu tandeminin birgə fəaliyyətini gələcəkdə də görmək idman ictimaiyyəti üçün çox xoş olardı.
Bütün hallarda hesab edirik ki, Azərbaycanın Cüdo üzrə Milli komandası məhz yerli mütəxəssislərə etibar olunmalıdır. Zənnimizcə, burada həm də hazırkı iqtisadi vəziyyətin diqtə etdiyi şərtləri də nəzərə almaq lazım gələcək. Xarici mütəxəssisləri ölkəyə dəvət etməkdənsə, yerli mütəxəssislərə etimad göstərmək və daha az vəsait sərf etməklə böyük nailiyyətlər əldə etmək mümkündür.
Bu, bizim gözləntilərimiz və ehtimallarımız idi. Qərarı isə Federasiyanın rəhbərliyi verəcək və inanırıq ki, hazırkı rəhbərlik ən yaxşı variant üzərində dayanacaq. /Azərfaks/