İspaniyanın Ali Məhkəməsi 2013-cü ildə Neymarın "Santos"dan "Barcelona"ya transferi ilə əlaqədar açılmış işin apellyasiya müraciətini rədd edib.
Goal.az xəbər verir ki, Neymar və 2 klub yenidən məhkəmə qarşısına çıxacaq. Məhkəmə prosesinin kökündə DIS investisiya fondunun şikayəti durur. Fond 2009-cu ildə 1.4 milyon avro qarşılığında Neymarın transfer hüquqlarının 40%-ni ələ keçirmişdi. 2013-cü ildə onun katalon klubuna transferi rəsmən 57.1 milyon avroya başa gəlmişdi. Bunun 17.1 milyon avrosunu "Santos" almışdı. Amma prokurorluğun fikrinə görə, bu məbləğ 25.1 milyon avro təşkil edib. Yəni klublar DIS fonduna az pul ödəməklə bağlı əvvəldən razılığa gəliblər. Bu işdə Neymarın anası Nadin Qonsalveş və atası da şübhəli bilinir.