Bu gün Bakı 2017 Oyunları Əməliyyat Komitəsi və Xarici İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə 60 ölkədən Azərbaycanda akkreditə olunmuş 100-dən çox diplomatik nümayəndəliklərin rəhbərləri üçün diplomatik brifinq təşkil edilib.
Teleqraf.com xəbər verir ki, brifinq zamanı diplomatik nümayindəliklərə oyunların təhlükəsizlik və akreditasiya sahələrinə dair yeniliklər barədə məlumat verilib. Bununla yanaşı, diplomatlar gələcəkdə ölkəmizdə keçirilicək idman yarışları haqqında da məlumatlandırılıblar.
Bakı 2017 Oyunları Əməliyyat Komitəsinin protokol şöbəsinin direktoru Pol Foster brifinqdə nümayəndələri salamlayaraq onlara oyunlar haqqında məlumat verib. O, mayın 12-dən 22-dək Bakıda gerçəkləcək IV İslam Həmrəyliyi oyunlarının son yenilikləri haqqında danışıb: “Əminik ki, IV İslam Həmrəyliyi oyunlarına beynəlxalq aləmdə çox böyük həvəs və maraq olacaq. Məhz bu oyunlara marağın yaranmasında, onun təbliğatında sizin də əməyiniz və dəstəyinizə ehtiyac var. Məhz bu səbəbdən oyunlarla bağlı məlumatların sizə geniş şəkildə çatdırılması çox böyük önəm daşıyır”.
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Milli Olimpiya Komitələrinin İslam Oyunlarında oynadığı rol barədə danışarkən qeyd edib ki, ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi oyunları zamanı ölkəmizə təşrif buyuracaq hər bir idmançı ədalətli oyun nümayiş etdirib, bir-birinə hörmət və dəstək göstərəcək: “İnanıram ki, biz bir ailə kimi bütün komandaları dəstəkləyəcəyik və hər birinə qələbə qazanmaları üçün uğurlar arzu edəcəyik”.