Türkiyə I Liqasında mübarizə aparan "Adana Demirspor" klubunun futbolçusu Sercan Kaya Azərbaycan milli komandasından təklif alıb.
Bu barədə 29 yaşlı hücumameylli yarımmüdafiəçinin özü "FourFourTwo" nəşrinə müsahibəsində bildirib.
Təcrübəli oyunçu təklifi qəbul etmək niyyətində olduğunu açıqlayıb: "Anamın atası azərbaycanlıdır. Haradan öyrəndiklərini bilmirəm. Amma təklif gəldi. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Əvvəllər Türkiyənin aşağı yaş qrupu üzrə yığmasında oynayaraq, əlimdən gələni etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm".
Xatırladaq ki, Kaya 2013-cü ilin sentyabrında "Çaykur Rizespor"da çıxış etdiyi vaxt "Anadolu" agentliyinə açıqlamasında da Azərbaycan millisindən aldığı dəvəti qəbul etmədiyini söyləmişdi. O, Türkiyə yığmasında oynamaq istəyini səbəb göstərib: “Babam əslən azərbaycanlıdır. Bu səbəbdən, Azərbaycan millisinə dəvət almışdım. Hətta bu ölkə yığması ilə aramızda get-gəl olmuşdu. Rəsmi danışıqların ardından düşünmək üçün vaxt istəmişdim. Ötən ay toplanışa çağırılarkən, təklifi qəbul etməməyi qərara aldım. Azərbaycan milli komandası dəftəri mənim üçün qapanıb. Hazırkı oyunumu davam etdirsəm, Türkiyə yığmasına çağırıla bilərəm. Hədəfim “ay-ulduzlu” formanı geyinməkdir”.
Lakin həmin açıqlamadan sonra Azərbaycan millisinin baş inzibatçısı İslam Abbasov Sercan Kaya adlı futbolçuya heç vaxt dəvət göndərilmədiyini bildirmişdi.
Qeyd edək ki, Sercan Kaya 15 mart 1988-ci ildə Türkiyənin İzmir şəhərində anadan olub. O, futbola 1999-cu ildə “Bucaspor”da başlayıb və 2007-ci ildə bu klubla peşəkar müqavilə bağlayıb. 2011-ci ildə “Trabzonspor”a keçən Sercan 1 il sonra “Trabzon 1461”ə icarəyə verilib. 1,74 m boya malik pleymeker 2013 - 2016-cı illərdə "Çaykur Rizespor"da çıxış etdikdən sonra "Adana Demirspor"a transfer olub. Kaya 2008-ci ildə Türkiyənin 20 yaşadək yığmasına dəvət olunub və 2 oyunda iştirak edib.
/Report/