“Gündəlik Teleqraf” qəzeti oxucuların marağını nəzərə alaraq, dünya çempionatlarından maraqlı məqamları təqdim etməyi planlaşdırır. Bu yazı 1962-ci ildə Çilidə keçirilmiş dünya çempionatına həsr olunub.
Dəhşətli zəlzələ mündiala təhlükə yaratdı
1962-ci ildə dünya çempionatının təşkilatçılığının Çiliyə verilməsi qərarı hələ 1956-cı ildə FİFA-nın Lissabondakı konqresində qəbul edilmişdi. İsveçrə və İsveçin təcrübəsi göstərdi ki, kiçik ölkələr belə turnirlərin təşkilinin öhdəsindən gələ bilərlər. Ancaq dünya çempionatının startına iki il qalmış yarışın təşkili ilə bağlı problem yarandı. Özü də ciddi problem. Çilinin cənubunda baş verən güclü zəlzələ çoxsaylı insan ölümünə və böyük dağıntılara səbəb oldu.
Təbii ki, belə durumda FİFA müəyyən məsləhətləşmələr aparmalı, çıxış yolu axtarmalıydı. FİFA-nın 1960-cı ildə Romada keçirilən konqresində mundialın başqa vaxta keçirilməsi və təşkilatçılığın başqa ölkəyə verilməsi məsələsi müzakirə olundu.
Ancaq Çili hökuməti bütün çətinliklərə rəğmən mundialı təşkil etməkdə israrlı idi. Dünya çempionatının təşkilat komitəsinin və Çili Futbol Federasiyasının prezidenti Karlos Dittborn bütün tədbir iştirakçılarını inandıra bildi. İnandıra bildi ki, çətinliklər onun ölkəsi üçün dünya çempionatını ən yüksək səviyyədə keçirməyə mane olmayacaq. FİFA Çili rəsmilərinin verdiyi təminata, gətirdikləri arqumentə qane oldu.
İsveç və Fransa seçmə mərhələdə “ilişdi”
1958-ci ildə İsveçdə keçirilən dünya çempionatı ilə müqayisədə bu DÇ-nin iştirakçıları arasında xeyli dəyişiklik baş vermişdi. Ən böyük sürpriz isə 4 il əvvəl keçirilən mundialın mükafatçıları - İsveç və Fransanın Çilidə olmaması idi.
Bu komandalar gözlənilmədən seçmə mərhələdə “ilişərək” böyük sensasiyaya səbəb olmuşdular. Təbii ki, Braziliya turnirin əsas favoriti sayılırdı. Avropa komandalarından 1962-ci ildə Avropa çempionu olmuş SSRİ-nin, eyni zamanda, keyfiyyətli futbol nümayiş etdirən İngiltərə, Macarıstan və Qərbi Almaniyanın şansları yüksək dəyərləndirilirdi.
O vaxt bizim sovet yığmamız 1961-ci ilin noyabrında okeanın o tayına kəşfiyyat xarakterli səfər etmişdi. SSRİ kəşfiyyat turnesində Argentina, Çili və Uruqvayı məğlub edərək gücünü ortaya qoymuşdu.
Braziliyalıların heyəti İsveç mundialı ilə müqayisədə az dəyişmişdi. İstisnalar müdafiəçilər Mauro və Zosimo, eyni zamanda, artıq ikinci matçda zədələnərək yarışı tərk edən Peleni layiqincə əvəzləyən Amarildo idi. Bununla yanaşı, baş məşqçi Moreyra diqqətini fiziki hazırlığa və oyunçular arasında anlaşmaya daha çox yetirmişdi.
Alicənab Karlosun ölümü və mundialın kəşfi
Mundialın kəşfi isə elə meydan sahibləri oldular. Dünya çempionatında 3-cü yeri tutan Çili hamını təəccübləndirdi. Çili yığmasının düşərgəsindəki dostluq və işgüzarlıq ab-havasının iki səbəbkarı vardı: öz işinin peşəkarı olan baş məşqçi Fernando Riera və məşqçilərin işinə qarışmayan alicənab Karlos Dittborn.
Ancaq çox təəssüf ki, mundialın Çilidə keçirilməsi yönündə böyük əmək sərf edən bu şəxs çempionatın başlamasına cəmi iki həftə qalmış həyatla vidalaşdı. Onun ölüm xəbəri bütün futbol dünyasını şoka salmışdı. Arikadakı stadiona Karlos Dittbornun adı verildi.
Çilidəki çempionat müdafiə oyununun hücum üzərində üstünlük qurduğu ilk mundial kimi tarixə düşdü. “Röyter” agentliyindən Vernoy Morqan yazırdı: “Buna qədər heç vaxt öz qapısının toxunulmazlığını düşünmək bu qədər hipertrofik vəziyyət almamışdı. Hələ bu qədər darıxdırıcı oyunlar olmamış, meydanın mərkəzindəki ərazi üstünlüyü bu qədər bacarıqsız və səmərəsiz istifadə edilməmişdi”.
Lev Yaşinə yaraşmayan qol necə vuruldu?
Mütəxəssislərin fikrincə, məhz müdafiədəki yaxşı qurulmuş oyun Çexoslovakiya yığmasına bu qədər uğurlu çıxış etmək imkanı vermişdi. Onların macarlar üzərindəki qələbəsi yeni tendensiyalara əkslik təşkil edərək hamını təəccübləndirmişdi. SSRİ də “beton müdafiə”nin ləzzətini Çiliylə oyunda hiss etdi. Bu azmış kimi, Roxasın 35 metrdən vurduğu zərbəni buraxması az qala Lev Yaşinin karyerasının üzərindən də xətt çəkəcəkdi.
Braziliya ardıcıl ikinci dəfə dünya çempionu oldu. Yaxşı ki, Rudolf Vıtlaçil və yetirmələri həlledici qarşılaşmada qapalı futbol oynamaq fikrindən daşındılar. Çexoslovakiyalı ustalar xeyli hücum etdilər ki, buna görə də xoş sözlər eşitdilər. Hətta hesabı da açdılar. Ancaq Aymore Moreyranın komandası ilə mübarizə aparmaq onlarlıq deyildi.
Vernoy Morqan bunu belə təsvir edirdi: “Braziliyanın qələbəsi növbəti dəfə sübut etdi ki, futbolda mütləq üstünlük böyük fərdi ustalıqla dəqiq və incə kollektiv oyunun sinteziylə qazanılır. Hələ ki, yalnız braziliyalı dəri top artistləri bu balansı tapa biliblər. Elə buna görə də layiq olduqları qələbəni bayram edirlər”.
Final mərhələsi. 30 may-17 iyun
16 komanda dörd qrupda mübarizə apardıqdan sonra hər qrupdan iki qalib komanda 1/4 finala yüksələrək mübarizəni olimpiya sistemiylə davam etdiriblər.
32 oyun, 776000 tamaşaçı (orta hesabla hər oyunda 24250)
89 qol (orta hesabla hər oyunda 2,78)
Ən yaxşı futbolçu - Qarrinça (Braziliya), Masopust (Çexoslovakiya)
Bombardir: Florian Albert (Macarıstan), Vava (Braziliya), Qarrinça (Braziliya), Drajen Yerkoviç
(Yuqoslaviya), Yerkoviç (Yuqoslaviya), Valentin İvanov (SSRİ), Leonel Sançes (Çili) - 4.
Qrup 1
1. SSRİ 3 2 1 0 8-5 5
2. Yuqoslaviya 3 2 0 1 8-3 4
3. Uruqvay 3 1 0 2 4-6 2
4. Kolumbiya 3 0 1 2 5-6 1
Qrup 2
1.Qərbi Almaniya 3 2 1 0 4-1 5
2.Çili 3 2 0 1 5-3 4
3.İtaliya 3 1 1 1 3-2 3
4.İsveçrə 3 0 0 3 2-8 0
Qrup 3
1.Braziliya 3 2 1 0 4-1 5
2.Çexoslovakiya 3 1 1 1 2-3 3
3.Meksika 3 1 0 2 3-4 2
4.İspaniya 3 1 0 2 2-3 2
Qrup 4
1.Macarıstan 3 2 1 0 8-2 5
2.İngiltərə 3 1 1 1 4-3 3
3.Argentina 3 1 1 1 2-3 3
4.Bolqarıstan 3 0 1 2 1-7 1
Bütün oyunlar
1. Çili - İsveçrə 3:1
2. Uruqvay - Kolumbiya 2:1
3. Braziliya - Meksika 2:0
4. Argentina - Bolqarıstan 1:0
5. SSRİ - Yuqoslaviya 2:0
6. Qərbi Almaniya - İtaliya 0:0
7. Çexoslovakiya - İspaniya 1:0
8. Macarıstan - İngiltərə 2:1
9. Yuqoslaviya - Uruqvay 3:1
10. Çili - İtaliya 2:0
11. Braziliya - Çexoslovakiya 0:0
12. İngiltərə - Argentina 3:1
13. SSRİ - Kolumbiya 4:4
14. Qərbi Almaniya - İsveçrə 2:1
15. İspaniya - Meksika 1:0
16. Macarıstan - Bolqarıstan 6:1
17. SSRİ - Uruqvay 2:1
18. Qərbi Almaniya - Çili 2:0
19. Braziliya - İspaniya 2:1
20. Macarıstan - Argentina 0:0
21. Yuqoslaviya - Kolumbiya 5:0
22. İtaliya - İsveçrə 3:0
23. Meksika - Çexoslovakiya 3:1
24. İngiltərə - Bolqarıstan 0:0
25. Çili - SSRİ 2:1
26. Yuqoslaviya - Qərbi Almaniya 1:0
27. Braziliya - İngiltərə 3:1
28. Çexoslovakiya - Macarıstan 1:0
29. Braziliya - Çili 4:2
30. Çexoslovakiya - Yuqoslaviya 3:1
31. Çili - Yuqoslaviya 1:0
32. Braziliya - Çexoslovakiya 3:1
Qeyd: O vaxt qələbəyə görə iki xal verilirdi.
Natiq Muxtarlı