Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatması keçirilib. Qitənin ən nüfuzlu klub turnirinin son qalibi “Real” növbəti mərhələdə turnirin favoritlərindən “Bavariya” ilə qarşılaşacaq.
“Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan İspaniya mətbuatına açıqlamasında püşkü dəyərləndirib, soyuq-isti top iddiaları barədə fikirlərini bildirib:
“Soyuq-isti top məsələsinə inanmıram. İnsanlar bu barədə danışanda sadəcə, gülürəm. “Bavariya” ilə oyunlar asan olmayacaq. Çox güclü və çətin rəqibdi. Onların bizdən çəkinəcəyini düşünmürəm. Biz də həmçinin. Dəqiq olan odu ki, bizi gözəl oyunlar gözləyir”.
Xatırladaq ki, bəzi iddialara görə, püşkdə arzulanan komandanın çıxması üçün bəzi şarlar soyudulur, bəzisi isə isidilir. Bununla da, cütlər əvvəlcədən müəyyənləşdirilir.
Zidan “Bavariya”nın baş məşqçisi Karlo Ançelotti barədə də fikirlərini bildirib:
“Karlodan çox şey öyrənmişəm. Çox gözəl insandı. Məncə, şanslar yarı-yarıdı. Bir-birimizi çox yaxşı tanıyırıq. Onları evdə yalnız “Barselona” məğlub edib. Bu da, oyunu bir az da çətin vəziyyətə gətirir”.
/Komanda.az/