Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirdə 4-cü tura yekun vurulub.
Teleqraf.com xəbər verir ki, turun sensasiyası dünya çempionu Maqnus Karlsenin məğlubiyyəti olub. Norveçli zəka sahibi Karuana qarşısında ağ bayraq qaldırdı. Qara fiqurlarla oynayan Şəhriyar Məmmədyarov Karyakinlə, ağ fiqurlarla çıxış edən Teymur Rəcəbov Nakamurayla “sülh” bağlayıb.
“Shamkir Chess 2014” turnirində 4-cü turda Fabiano Karuanaya uduzan Maqnus Karlsen mətbuat konfransında suallara cavab verib. Dünya çempionu məğlubiyyəti səhvlərlə izah edib: “Debütdə səhvlərim oldu. Ötən gün uğursuz partiyadan sonra normal hazırlaşa bilmədim. Məğlubiyyət üzücüdür. Əlbəttə, qələbədən sonra daha yaxşı əhval olur. Uduzmaq istəməzdim. Lakin səhvlərim rəqibə kömək oldu. Növbəti turlarda bunu unutdurmağa çalışacam”.
Karlsenə qalib gələn İtaliya şahmatçısı Fabiano Karuana isə qələbəni düzgün hazırlıqla əlaqələndirib: “Yaxşı oynayaraq qələbə qazandım. Rəqib səhvlər etdi. Vəziyyəti düzgün qiymətləndirdim və sonda qalib gəldim. Qələbə xoşdur. Özü də dünya çempionu üzərində qələbə daha böyük sevinc gətirir. Karlsenlə çox oynamışıq. Etiraf edim ki, ona məğlub olduqlarım partiyalar da olub”.
4-cü turda Hikaru Nakamurayla heç-heçə oynayan Teymur Rəcəbov partiyadan sonra mətbuat konfransında jurnalistlərin suallarına cavab verib. Rəcəbov partiyadakı vəziyyəti belə dəyərləndirib: "Qara fiqurlarda vəziyyət fərqli idi. Bu mənada fikrimcə görüş heç-heçəyə gedirdi. O mənada qələbə üçün yol görünmürdü. Bəlkə də həmin gedişləri görmədim. Sabah Maqnusa qarşı mübarizə aparacam. Lakin mən başqa oyunlara nəzərə yetirmirəm.Əsas öz oyunumdur. Hər bir rəqibə maksimum hazırlaşıram və ona görə partiyaları rəqibə görə fərqləndirmirəm".
Medianın “son dəfə nə vaxt qələbə qazanmısınız” sualına Rəcəbov belə cavab verib: “Karyeram ərzində kifayət qədər qələbəm olub. Son dəfə komandalar arasında Avropa çempionatında qələbə qazanmışam. Movsesyanla uğurlu partiyam olub. Həmin turnirdə Azərbaycan millisi çempion olub. Son 6 ay heç bir yarışda iştirak etmədiyimi nəzərə alsaq, həmin müddətdə qələbə qazanmamışam. Amma hələ karyeramı başa vurmaq barədə düşünmürəm. Qarşıda uğurlu nəticələr olacaq”.
Teymur Rəcəbovla heç-heçə oynayan Hikaru Nakamura mətbuat konfransında partiyanı dəyərləndirib: “Obyektiv olsaq heç-heçə layiqli oyun idi. Bəlkə də kimsə qələbə yollarını görürdü. Amma düzgün gedişlər etdim. Hələ Kasparovla çalışdığım dönəmdən partiyadakı üstünlüyü sona qədər saxlamağı öyrənmişəm. Heç-heçəyə sevinmirəm. Mənim üçün normal nəticədir. Teymur də yaxşı oynadı. Amma partiya heç-heçəylə başa çatdı. Bu ədalətli nəticədir. Əsas mübarizə irəlidədir”.