Teleqraf.com xəbər verir ki, Azərbaycanın “Bakı-2017”də 10-cu qızıl medalı Heydər Əliyev adına İdman Sarayında keçirilən paracüdoçu yarışında əldə edilib.
“Bakı-2017”də 70 kiloqram çəki dərəcəsində paracüdoçuların yarışının finalında Azərbaycanın iki idmançısı - Ramilə Kaştayeva və Turanə Ağayeva üz-üzə gəliblər.
Azarkeşlərin maraqla izlədikləri oyunda ipponla qələbə qazanan R.Kaştayeva IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.
APA-nın xəbərinə görə, millimiz medal sayında 1-ci yeri ələ alıb. Yığmamız buna 22 medal qazanmaqla nail olub. İdmançılarımız günü 10 qızıl medalla tamamlayıb. Ruslan Lunyov (atıcılıq, tapança, 25 m), Orxan Səfərov (cüdo, 60 kq), Nicat Şıxəlizadə (cüdo, 66 kq), Erdenebat Bazarraqça (cüdo, 48 kq), Fəridə Abıyeva (karate, 61 kq), Hidayət Heydərov (cüdo, 73 kq), Rafael Ağayev (karate, 75 kq), bədii gimnastika yığması (Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirova), Afaq Sultanova (paracüdo, 57 kq) və Ramilə Kaştayeva (paracüdo, 70 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komandamız 9 gümüş medal qazanmağa nail olub. Məhz bu da yığmamızla eyni sayda – 10 qızıl əldə edən Türkiyəni arxada qoymaq imkanı verib. İdmançılarımızdan Şəfəq Əmrahova (atıcılıq, səngər stendi), İlahə Qasımova (karate, 55 kq), Aişə Qurbanlı (cüdo, 48 kq), Nəzakət Əzizova (cüdo, 52 kq), Kifayət Qasımova (cüdo, 57 kq), Rüstəm Orucov (cüdo, 73 kq), Xanim Hüseynova (cüdo, 63 kq), Sevda Vəliyeva (paracüdo, 57 kq) və Turanə Əliyeva (paracüdo, 70 kq) İslamiadanın ikincisi olublar.
Səbinə Əzimova (ağır atletika, 53 kq), Nuranə Əliyeva (karate, 50 kq) və Firdovsi Fərzəliyev (karate, 60 kq) isə ölkəmizin hesabına bürünc qazandırıb.
Ümumiyyətlə, ilk gündə medalların əyarında Azərbaycan öndə olubsa, ümumi sayda Türkiyə liderliyi ələ alıb – 27 mükafat. Sahibini tapan 102 medala isə 17 ölkə idmançıları yiyələnib. Çempionluq sevincini isə yalnız 8 ölkədən olan atletlər yaşayıb.