Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasından sonra “Qarabağ” özünün bəzi azarkeşlərinə müraciət edib.
Teleqraf.com xəbər verir ki, klub rəsmi "facebook" səhifəsində rəqiblərimizin sosial şəbəkə hesablarında etik normalardan kənara çıxmamağı, öz əxlaq və mədəniyyətimizlə örnək olmağı xahiş edib.
“Daha öncə rəqiblər öz sosial şəbəkə hesablarından Azərbaycana girişi qadağan etmişdilər, indi isə qitənin ən güclü klublarının xatirələrində neqativ qalmayaq. Anlayışınız üçün təşəkkür edirik”.
Daha öncə “Şerif” klubu açıqlama yayaraq “Qarabağ” azarkeşlərinin onların səhifələrində təhqirlərə yol verməməsini xahiş etmişdi. “Kopenhagen” isə öz səhifəsinə Azərbaycandan girişi bağlamışdı.
Qeyd edək ki, “Qarabağ” ÇL-in qrupunda “Çelsi” (İngiltərə), “Atletiko” (İspaniya) və “Roma”ya (İtaliya) rəqib olub. Sentyabrın 12-13-ü tarixlərində Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Qarabağ” İspaniyanın “Atletiko” (Madrid) komandası ilə görüşəcək.