Bu gün Çempionlar Liqasının qrup mərhələsinin ilk oyunları start götürəcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubu İngiltərə nəhəngi “Çelsi”nin qonağı olacaq. Oyun Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Dünya nəhəngi ilə oyunda “Qarabağ”ın qələbə şansına əksəriyyət şübhəylə yanaşır. Görək futbol mütəxəssisləri və tanınmış futbol həvəskarlarının gözləntiləri necədir…
Yazıçı Aqil Abbas:
“Çox ağır oyun olacaq. “Çelsi” dünyanın ilk 10 komandası siyahısına girəcək komandadır. Amma bu futboldur. “Qarabağ” da özünə görə oynamağı bacarır. Çətin oyun olacaq, amma bizim sevgimiz onlarla bir yerdədir. Çiyinlərindəki mələklərlə 11 yox, 33 nəfər olacaqlar.
Bütün Azərbaycan, Türk dünyası onların arxasındadır. Ümidimi heç vaxt kəsməmişəm. Nəzirimi də demişəm, qurban olum Allaha”.
Keçmiş futbolçu Arif Əsədov:
“Əlbəttə, böyük bir bayramdır ki, “Qarabağ” Çempionlar Liqasında ilk oyununa çıxacaq. Rəqib böyük komandalardandır. Bu gün biz “Qarabağ”dan hansısa uğurlu nəticə gözləsək, bir az qəribə çıxar. Dediyim kimi, “Qarabağ”ın Liqada iştirakı böyük uğurdur. Üstünlük əsasən rəqib tərəfdə olacaq. Biz isə yaxşı oyun gözləyirik “Qarabağ”dan. Əlbəttə, “Çelsi” qələbə qazanacaq, proqnozum belədir”.
Tanınmış futbol mütəxəssisi Şahin Diniyev:
“Mən “Qarabağ”ı Liqaya düşdüyü üçün artıq qalib hesab edirəm. Bundan sonra qazanacağı artıq təcrübə, oyun və gələcək yarışlar üçün dərs olacaq. Yəni böyük bir məktəb görərək, dünya güclülərindən təcrübə qazanacaq. Nəticədən danışmağa gəldikdə, reallığı qəbul etməliyik.
“Çelsi” nəinki “Qarabağ”dan, ümumiyyətlə, dünya komandalarının çoxundan güclü komandadır. Ona görə oyun, mübarizə çətin olacaq... Yəqin ki, “Çelsi” ilk dəqiqələrdən “Qarabağ”ı müdafiəyə oturmağa məcbur edəcək. Biz ancaq “Qarabağ”dan əzimkarlıq gözləyəcəyik. Nəticə isə önəmli deyil. “Qarabağ” maksimum nəticəsini qazanıb”.
Jurnalist Vüsal Məmmədov:
“Mən "Qarabağ" komandasını çox sevirəm, amma həyat bizdən realist olmağı tələb edir. Ona görə də, oyunla bağlı proqnozum yox, arzum var. Arzum budur ki, hətta uduzsaq belə, kiçik fərqlə uduzaq”.