Allah hər bir insana ağıl verib. Emosiyamızın qarşısını almaq üçün isə səbrimiz var. Səbir kimdəsə az, kimdəsə çoxdur. Amma istənilən məqamda heç bir ciddi səbəb olmadan qarşı tərəfin 7 arxa dönənini söyməmək üçün özümüzdə təpər tapmalıyıq.
Yox, əgər bunu bacarmayıb, söyüş söyür, hər hansı nalayiq ifadə işlədiriksə, üstəlik, biz ictimai şəxs sayılırıqsa, bunun cəzasını mütləq şəkildə almalıyıq... Cəza varsa, cərimə də var...
Kiçik bir xülasə...
Futbolçu Nicat Muxtarov ad-soyadı ilə “Simurq”da tanış olduq. Sözsüz, onun buna qədər keçdiyi bir yol var. Amma futbol ictimaiyyəti Nicatı artıq tarixin yaddaşına qovuşan “Simurq”da gördü, bəyəndi, tanıdı. Məlum dağılma prosesindən sonra səhv etmirəmsə, məşqçi Rövşən Babayev onu Emin Quliyevin rəhbərlik etdiyi “Rəvan”a dəvət etdi. Mövsüm başa çatmamış isə “Sumqayıt” onunla anlaşdı.
Ötən mövsümün 26-cı turunda hakimi təhqir etdiyinə görə 4 oyun cəza alan futbolçu 3200 manat cərimə olundu...
Söhbət ötən mövsümün sonlarından gedir. Mövsüm başa çatdıqdan sonra onu qarşıda uzunmüddətli yay gözləyirdi. Əgər klub cəriməni futbolçunun ödəməyini tələb edirsə belə, bunun daha normal yolları var.
Əgər futbolçu rəhbərliklə normal şəkildə danışıqlara getsəydi, inanmıram ki, rəhbərlik futbolçunun maaşından hissə-hissə tutmaq şərti ilə cərimənin ödənilməsinə razı olmayaydı.
Əgər klub futbolçunun istəyi ilə Peşəkar Futbol Liqasına bu tipli hər hansı bir məktub ünvanlasaydı, qurum da yəqin gənc və istedadlı oyunçunu başa düşərdi.
Dəfələrlə bildirib ki, “Qarabağ”dan başqa istənilən klubun Peşəkar Futbol Liqasına bu və digər məbləğdə borcu var. Nicat Muxtarov da onlardan biri...
Bir də, qardaş, mənim də, bu yazını oxuyan bəlkə də 70 faiz şəxsin də bu və digər səpkili borcu var. Bu borc banka da, hər hansı bir dosta-tanışa da, qohuma-qardaşa da ola bilər. Belə məntiqlə mən və bu yazını oxuyan 70 faiz şəxs gedib oğurluq etməliyik?
Bəs bizim dürüstlüyümüz, ailə tərbiyəmiz, seçdiyimiz yol, həyatla mübarizəmiz hanı, hara getdi?
Oğurluq çıxış yolu deyil, zəiflik və inkişafdan geri qalan beyinlərin problemdən tez bir zamanda yaxa qurtarmaq üçün seçdiyi əyri-üyrü, sonu olmayan bir vasitədir.
Nicat Muxtarov (əgər həqiqətən cəzanı ödəmək üçün oğurluq edibsə) daha şərəfli yollara əl ata bilərdi. Mən hətta fəhləlik edib, o yay mövsümündə dəniz kənarında qarğıdalı satıb, pul qazanmağı daha üstün tutaram, nəinki ömür boyu bu damğa ilə yaşamağı.
Necə satsın, onu tanıyanlar var? Bəs necə oğurluq edib? Onu tanıyanlar var axı. Qarğıdalı satdığına görə onu 30 faiz qınayacaqdısa, alın təri ilə çörək qazandığına görə 70 faiz onu təqdir edəcəkdi. Mənim düşüncəm belədi, razılaşmamaqda sərbəstsiniz.
Kabel oğurluğunda iştirak edib tutulmaqdan, bütün karyeranı məhv etməkdən və ömür boyu kabel oğrusu kimi yaddaşda qalmaqdansa, əlinin qabarı, alın təri, daban çatı ilə qəpik-quruş qazanmaq daha şərəfli yoldu...
Hə, bir də belə bir məlumat var. Məlumat var ki, Nicat və eləcə də onun qardaşı vaxtilə kiçik dələduzluqlarla məşğul olublar. Zənnimcə, 1 yumurta oğurlamaqla bu qədər kabel oğurlamaq və ya kiminsə cibindən telefon oğurlamaq elə eyni hissdi. Adı oğurluqdu...
Unutmayın, daş hər zaman 1-ci dəfə qaldıranda ağır gəlir, sonra adiləşir, həyat tərzinə çevrilir...