Çinin birinci liqasında futbol oyunu zamanı qeyri-adi hadisə baş verib. Mühafizəçilər soyunma otağına daxil olaraq futbolçuları dəyənəklə döyüblər.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Çinin birinci liqində təmsil olunan “Lijiang Jiayunhao” ilə “Zhejiang Yiteng” futbol komandalarının qarşılaşması zamanı baş verib.
Ötən şənbə baş tutan oyundan sonra “ZhejiangYiteng” Futbol Klubunun rəhbərliyi açıqlama verərək bəyan edib ki, oyunda yaranan fasilə zamanı təhlükəsizlik xidmətinin əməkdaşları otağa daxil olaraq futbolçuları döyüb.
İddiaya görə, oyun zamanı hesab 1-1 olub. İkinci hissə isə 50 dəqiqə gec başlayıb. Qonaq komandanın soyunma otağında öncə elektrik enerjisi kəsilib. Bundan sonra təhlükəsizlik xidmətinin əməkdaşları otağa daxil olaraq futbolçuları dəyənəklə döyüb. İlk yarıda qol vuran Erpat Dilxat isə vəhşicəsinə döyülüb.
“ZhejiangYiteng” Futbol Komandası baş verənlərin biabırçı olay olduğunu bəyan edib.
“Lijiang Jiayunhao” Futbol Komandası isə bildirib ki, hadisəyə səbəb rəqib komandanın bəzi üzvlərinin hakimə hücum etməsi olub.
Açıqlamada qeyd edilib ki, təhlükəsizlik xidməti hakimləri qorumaq üçün futbolçularla mübahisəyə girmək məcburiyyətində qalıb.
Çin Futbol Federasiyası isə faktla bağlı araşdırmalara başladığını elan edib.