"Roma"nın baş məşqçisi Eysebio di Françesko Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Demək olar ki, bu oyunda istirahət etdiniz. Çox da əziyyət çəkmədiniz...
- Belə deməzdim, fasilədən sonra çox çətin anlar yaşadıq. Rəqib qapımız qarşısında çoxlu şanslar yaratdı. “Qarabağ” həqiqətən güclüdür. Bizi çox çətinliyə saldılar.
- Bəzi anlarda komandanızda davamlılıq çatmırdı.
- Bəli, razıyam. Bəzən eyni tempdə oynaya bilmirdik. Rəqib fərqləndikdən sonra bəzi çatışmazlıqlarımız oldu. Biz inkişafdayıq. Amma əsas olan odur ki, 3 xalı qazana bildik.
- İkinci hissədə bəzən əsəbləşirdiniz. Bunun səbəbi uzun ötürmələr idi, yoxsa Qonalonun oyunu?
- Bəli, bu ötürmələr zamanı müəyyən problemlər var idi. Lakin Qonalos elə də pis oynamadı. Qaçmaq asandır, əsas uzun ötürmələrdə dəqiq oynamaqdır.
- İki qoldan sonra sanki oyununuz alınmadı. Bu arxayınçılıqdan irəli gəlirdi?
- Xeyr, bundan söhbət belə gedə bilməz. Daha sonra 5-6 qol vəziyyətimiz də oldu. Həmçinin, “Qarabağ” da bundan sonra çox yaxşı oynadı.
- Bu gün Defrey zədələndi. Qarşıdakı oyunlarda onun xidmətindən yararlana biləcəksiniz?
- Ola bilsin, həm o, həm də Perotti “Milan”la oyunda iştirak etmədilər. Vəziyyətləri həkim müayinəsindən sonra bilinəcək.
- “Qarabağ”ın heyətində ən çox kimi fərqləndirərdiniz?
- Bütün futbolçular yaxşı oynadı. Ən çox bəyəndiyim isə 9, 10 və 11 nömrəli futbolçulardır.