Bu gün Gənclər və İdman Nazirliyində 2 oktyabr 2017-ci il tarixdən Bakıda 164 üzv ölkənin iştirakı ilə WBC-nin (World Boxing Council - Dünya Boks Şurası) 55-ci Dünya Konqresinin keçirilməsi ilə bağlı brifinq təşkil olunub.
Teleqraf.com xəbər verir ki, Dünya Boks Şurasına (DBŞ) üzv ölkələrin rəsmiləri, federasiya rəhbərləri, idman menecerləri, keçmiş və hazırki çempionaların, ümumilikdə Şimali və Cənubi Amerika, Afrika, Asiya, Avropa qitəsindən 500-dən artıq qonağın qatılacağı konqres 6 oktyabr tarixinədək davam edəcək.
Brifinqdə qeyd edilib ki, ölkəmizə təşrif buyuracaq dünya şöhrətli idmançılar sırasında Evander Holyfield, Kostya Tszyu, Yuri Arbaçakov, Nazim Həmid, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin, Srisaket Sor Rungvisai və digərlərinin adlarını çəkmək olar.
DBŞ-nın prezidenti Maurusiyo Süleymanın da qatılacağı və hesabat xarakterli çıxışının nəzərdə tutulduğu dörd günlük iclasın ilk günündə Reytinq Komitəsi və Hakimlər Şurasının qapalı iclasları keçiriləcək.
Növbəti günlərdə isə Şuranın iclasında dünya təsnifatları, icbari döyüşlərin təqvim planının işlənməsi, tibbi seminarlar, hakimlərin seminarları, yarış qaydalarına yenidən baxılması və əlavələrin edilməsi, eyni zamanda müxtəlif nominasiyalar üzrə mükafatların verilməsi nəzərdə tutulub.
Məşhur boksçuların kimsəsiz uşaq evinə də gedişi proqrama daxildir.
Toplantı çərçivəsində Afrika Boks Cəmiyyəti, Şərqi və Sakit Okean Boks Federasiyası, Asiya Boks Şurasının görüşləri də baş tutacaq.
Məlumat üçün üçün bildirək ki, DBŞ 1963-cü ildə 11 milli boks təşkilatı - Argentina, Braziliya, Böyük Britaniya, Venesuela, Meksika, Panama, Peru, Amerika Birləşmiş Ştatları, Filippin, Fransya və Çili tərəfindən yaradılıb.
Məhəmməd Əli, Mayk Tayson, Nazim Həmid, Larri Holms, Lennoks Lyuis, Gennadi Qolovkin, Roy Cons kiçik, Floyd Meyvezer kiçik, Roberto Duran, Xulio Sezar Çaves, Konstantin Tzyu və digər dünya şöhrətli peşəkat boksçular DBŞ (WBC) kateqoriyası üzrə çempion adını qazanıblar.