21 Noyabr 2017 14:28
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çətin oyuna hazırlaşırıq. Həm rəqib, həm də bizim üçün vacib görüş olacaq. Bu, UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakıda sonuncu oyunumuzdur. Rəqibin gücünü bilirik. Çalışacağıq ki, meydanda səhvə yol verməyək.

Teleqraf.com xəbər verir ki, bu sözləri noyabrın 21-də “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turu çərçivəsində Bakıda “Çelsi” ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib: “Zədəli və cəzalı oyunçular haqqında düşünmürük. Pedro Enrikenin mövqeyində kimin oynayacağı sabah bilinəcək. Yeni transfer haqqında hələ ki, düşünmürəm. Futbolçularımızın oyunu məni qane edir. Mən futbolçuların yaşından çox, onların meydandakı performansına baxıram və bütün oyunçularıma güvənirəm. Hər bir futbolçu mənim üçün önəmlidir”.

Baş məşqçi qeyd edib ki, komanda üzərində təzyiq həmişə olur. UEFA Çempionlar Liqası bir nömrəli turnirdir. Azarkeşlər həmişə bizdən daha yaxşı nəticə göstərməyimizi istəyirlər. Qarşımızda Avropanın ən güclü klublarından biri olan “Çelsi”dir. Onlar hər bir oyuna çox ciddi hazırlaşırlar. Sabah biz rəqib komandaya qarşı layiqli oyun göstərməyə çalışacağıq. Sabah uduzsaq da belə, istəyirəm ki, azarkeşlərimiz oyunumuzdan razı qalsınlar.

Mətbuat konfransında oyun barədə fikirlərini bölüşən klubun legioneri Dino Ndlovu deyib: “Komandamız oyunun vacibliyini dərk edir və sabah var gücü ilə mübarizə aparacaq. Biz hər zaman növbəti oyun haqqında düşünürük. Artıq böyük komandalara qarşı oynayırıq. Oyunda qolu kimin vuracağı önəmli deyil. Əsas komandaya kömək edib xal və qələbə qazanmaqdır. Hər bir futbolçu komanda üçün əlindən gələni edir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər