Azərbaycanı Çempionlar Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Teleqraf.com PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Ağdam klubu İtaliyanın “Roma” komandası ilə matça daha yaxşı hazırlaşmasını əsas gətirərək Azərbaycan Premyer Liqasının XIV turunda və Azərbaycan Kubokunun 1/8 final mərhələsində keçirəcəyi oyunların vaxtının dəyişdirilməsini xahiş edib.
PFL “Qarabağ”ın Azərbaycanı Avropada təmsil etdiyini və klubların razılıq məktubunu rəhbər tutaraq, XIV turunun “Qarabağ” – “Neftçi” matçının dekabrın 2-dən 1-ə keçirilməsinə qərar verib. Həmçinin 1/8 final mərhələsinin “Qarabağ” – “Qaradağ Lökbatan” və “Neftçi” – “Zaqatala” oyunları noyabrın 29-dan 28-ə keçirilib.
Qeyd edək ki, “Roma” – “Qarabağ” görüşü dekabrın 5-də baş tutacaq.