Bakıda keçirilən “Formula 1” sürət yarışının 2017-ci il qalibi Daniel Rikardo paytaxtda qonaq olub.
Teleqraf.com xəbər verir ki, pilot fanatları ilə görüşdükdən sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Daniel Rikardo Bakı ilə bağlı müsbət təəssüratlarını bölüşüb və şəhəri çox sevdiyini bildirib: “Mən ilk dəfə Bakıya gələndə hava günəşli idi. İndi daha soyuqdur. Bu şəhər mənə doğmadır. Çünki burada hamı yarışa və mənə dəstək olur, uğurlarıma sevinirlər. Buna görə də “Fromula 1” burada inkişaf edə bilir.
Bakının yollarında maşın sürmək çox həyəcanvericidir.Yollar ecazkardır. İştirakçı və tamaşaçılar maraqlı və orijinaldırlar. Düzdür, bəzi pilotlar yolların dar olmasından əsəbləşirlər. Ancaq mənə elə gəlir ki, yolların darlığı yarışı daha həyəcanlı və nəfəskəsən edir".
Daniel Rikardo ilk dəfə Bakıda birinci olmasına rəğmən, Avstriyada keçirilən yarışda daha uğurlu çıxışlar etdiyini deyib: “Avstriyada həftə boyu daha uğurlu nəticələr əldə edirəm. Bunun nədən asılı oluğunu isə bilmirəm. Etiraf edim ki, Bakını daha çox bəyənirəm. Çünki burada maşının təkərləri daha az yanır. Həmçinin, Bakı yolları diqqətin tənzimlənməsi, balansının saxlanılmasında pilota daha davamlı olmağı öyrədir.
Pilot 2018-ci ildə komandasının daha uğurlu nəticələr əldə edəcəyinə inandığını bildirib: “Ən böyük rəqiblərimiz “Mersedes” və “Ferraridir”. Əfsuslar olsun ki, “Mersedes” çox güclüdür. Öz komandama güvənirəm. Bizdə bəzən hər şey yolunda getsə də, hərdən də alınmır. Növbəti ildə səhvlərimizi düzəltməyə çalışacağıq. Mənim üçün ən həyəcanlı və uğurlu podiumlarım Avstriya, Monako və Monzada keçirilən yarışlar olub. Avstriyada yarışdığım pilot çox yaxınımda idi. Buna görə olduqca həyəcanlı idim. Lakin bəzən hər şey yolunda getmir. Məsələn, Abu Dabi şəhərində keçirilən yarışmada maşının hidravlikində problem yaşandı və sükanı toplaya bilmədim. Buna görə də yarışdan tez çəkilməli oldum".
Daniel yarışmada edilən dəyişikliklərə də münasibət bildirib: “2008-2009-cu illərdə pilot maşınları dəyişdiriləndə “Bu nədir, belə maşın olmaz” dedik. Ancaq sonradan öyrəşdik. Gələn ildən etibarən pilotlar xüsusi qoruyucu başlıqlar taxacaq. Bu da, əlbəttə ki, təqdirəlayiq dəyişiklikdir. Çünki bu yenilik sürət idmanını daha təhlükəsiz edir".
Danile Rikardo pərəstiş etdiyi pilotun adını açıqlamağı da unutmayıb: “Bir çoxuna hörmətim var. Ancaq mənim ən sevdiyim pilot Luiz Hammiltondur. Onun maşın sürmək bacarığı və soyuqqanlılığına heyranam. Ən çətin və həyəcanlı vəziyyətdə belə soyuqqanlılığını qorumağı bacarır. Maşını da çox gözəldir. Fernando Alonsonun da adını xüsusi qeyd etmək istərdim. Bu iki pilotu həvəslə izləyirəm”.
Fotolar: Elçin Murad