Bu yaxınlarda Ukraynada döyüş sənəti üzrə növbəti dünya çempionatı keçirilib. Yarışda 28 ölkədən 950 idmançı gücünü sınayıb. Azərbaycan bu yarışda 18 idmançı ilə təmsil edilib.
Daxili İşlər Nazirliyinin (DIN) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, millimizin heyətində döyüşən idmançılardan yeddi nəfəri qızıl, altısı gümüş medal qazanıb.
DİN Daxili Qoşunların xüsusi təyinatlısı, baş leytenant İlqar Nəcəfli yarışın proqramına daxil olan prof sanda versiyasına qatılıb. Çəkisi 90 kiloqramdan yuxarı olan idmançılar arasında dörd döyüş keçirən İlqar oyunların hamısını vaxtından əvvəl qələbə ilə başa vuraraq finala vəsiqə qazanıb.
Finalda yerli idmançı ilə qarşılaşan təmsilçimiz görüşü bir dəqiqə ərzində boğucu fəndlə öz xeyrinə başa vurub və qızıl medal qazanıb.
Yarışa qatılan digər təmsilçimiz - “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin Komendant Xidmətinin polis nəfəri, kiçik serjant Elvin Əhmədli full-sanda yarışında iştirak edən ən güclü və təcrübəli idmançılardan idi. Dördqat dünya və üçqat Avropa çempionu, dünya kubokunun sahibi olan təmsilçimiz həm də milli komandamızın əsas heyətinin üzvüdür.
Ordumuzun ötən il keçirdiyi uğurlu aprel döyüşlərində iştirak etmiş Elvin Əhmədli müəyyən səbəblərdən bir müddət məşqlərinə ara verməsinə baxmayaraq, keçirdiyi ilk qarşılaşmada böyük üstünlüklə qalib gələrək final mərhələsinə qədər irəliləyib, çempionatın gümüş medalına sahib olub.
Əlbəyaxa döyüşün bu növü artıq Olimpiya idman növləri ailəsinə daxil edilib. Azərbaycan milli komandası isə dünya miqyasında ən güclülərdən sayılır. Qarşıda idmançılarımızı daha böyük qələbələr gözləyir.