2017-ci il Azərbaycan idmanı üçün uğurlu olub. Qarşıya qoyulan tapşırıqlar layiqincə yerinə yetirilib.
Teleqraf.com xəbər verir ki, bunu 2017-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Gənclər və İdman naziri Azad Rəhimov deyib.
Nazirin sözlərinə görə, idmançılarımız il ərzində 234 beynəlxalq yarışda, o cümlədən dünya və Avropa çempionlarında iştirak ediblər: “Respublikamızda isə 2019 daxili yarış təşkil olunub. Azərbaycan 55 beynəlxalq yarışa ev sahibliyi edib. Təbii ki, bu yarışların içində ən mühümü IV İslam Həmrəyliyi Oyunları olub."
Nazir qeyd edib ki, bütün olimpiya idman kompleksləri və gənclər mərkəzlərinə nazirlik maddi kömək göstərir: "Bəzi komplekslər, məsələn Qazax olimpiya idman kompleksi gəlir gətirir və digər komplekslərə kömək edir. Bütün olimpiya idman komplekslərində olimpiya idman növləri üzrə məşğuliyyət pulsuzdur. Su hovuzundan istifadə, Şərq döyüşləri, mini futbol oyunları üçün isə aşağı ödəniş edilir".
Azad Rəhimovun sözlərinə görə, "Qarabağ" futbol klubunun bütün oyunları xalqı sevindirir: "Klubun oyunları göstərdi ki, futbolda məşqçinin rolu böyükdür. Baxmayaraq ki, "Qarabağ" klubunun büdcəsi rəqibləri ilə müqayisədə xeyli aşağıdır, amma kifayət qədər peşəkar oyun göstərdilər. İnanırıq ki, yeni qələbələr gətirəcəklər".
Azad Rəhimov keçmiş Vergilər naziri Fazil Məmmədovun vəzifəsindən getməsinin Azərbaycan Güləş Federasiyası və Azərbaycan Velosiped İdmanı Federasiyasının işinə təsiri ilə bağlı suala cavabda bildirib ki, idmanı şəxsiyyətlə əlaqləndirmək düz deyil.
Onun sözlərinə görə, prezident İlham Əliyevin idman siyasəti uğurla davam etdiriləcək: "Gələn il Bakıda planlaşdırılan velospid üzrə BMX yarışı vaxtında və yüksək səviyyədə təşkil olunacaq. Heç bir çətinlik yoxdur".
Azad Rəhimov qeyd edib ki, 2018-ci il üçün dövlət büdcəsində idmana ayrılan vəsaitdə heç bir dəyişiklik gözlənilmir.
Nazirin sözlərinə görə, 2019-cu ildə Bakıda keçiriləcək Avropa Gənclər Olimpiya Festivalının iştirakçılarının yerləşdirilməsi üçün Atletlər Kəndində 6 bina saxlanılıb: "Atletlər Kəndində idmançıların qalması üçün hər cür şərat yaradılıb. 2018-ci ildə Azərbaycanda bir sıra beynəlxalq idman yarışlarının keçirilməsi nəzərdə tutulur".