"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov AFFA tərəfindən 20 min manat cərimələnməsinə etiraz olaraq istefa verdi.
Onun istefa verməsinə "Neftçi"nin sabiq idman direktoru Güloğlan Cabbarov öz "facebook" səhifəsində münasibət bildirib. Cabbarov AFFA rəsmilərini kəskin ittihamlar tuş edib.
Teleqraf.com Güloğlan Cabbarovun statusunu təqdim edir:
“Tahir Süleymanovun AFFA-nın əsassız yerə "“Neftçi”ni 20 min manat cərimələməsi üzündən istefası Azərbaycan futbolunda qara ləkədi. Və bu qərəzli insanlar gec-tez bunun hesabını verəcəklər. Bir futbol adamının bu səviyyədə aşağılanması qəbuledilməzdi. Buna görə də, AFFA rəhbərinin bu məsələni daha dərindən incələməsini və məsələyə münasibət göstərməsini arzu edirəm. İnanıram ki, gec-tez haqq-ədalət öz yerini tapacaq. Tahir Süleymanov futbol adamıdı və futboldan başqa gedəcək yeri də yoxdu. Bu gün onu bu istefaya qərəzli şəkildə sürükləyənlər bilsinlər ki, biz “Neftçi”də başda Sadıq Sadıqov olmaqla, tarix yazmışıq və bəzi kabinetində oturub harınlayan insanlardan çox-çox işlər görmüşük. Bizə bu görəvi verən rəhbərliyimizə sədaqətlə qulluq etmişik. Bəziləri bizim gördüyümüz işləri 20 ilə bacara bilməyəcək, buna əminəm”.