12 Yanvar 2018 21:00
3 258
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Barselona” “Selta” üzərindəki 5-0-lıq qələbəni həm də gözəl oyunuyla əldə etdi. Valverdenin baş məşqçi kimi postuna gəlişindən sonra katalonların üçüncü gözoxşayan oyunudu.

Buna qədərki oyunlarda Ernostonun yetirmələri sırf nəticəyə oynayırdılar. Təbii ki, “nəticə oyunu” Mourinyonun “ətdən çəpər” sistemiylə eynilik təşkil etmir. Bu günə qədər Valverde yetirmələrinə meydanda nə qədər sərbəstlik verirdisə, bir o qədər də hesaba uyğun ritmi tutmağı planlayırdı. Yəni hesabda irəlidəsənsə, əlavə güc itirməyə gərək yoxdur. “Enerjini saxla, növbəti oyunlara sərf elə” taktikasıyla hərəkət edirdi. Valverde düzmü edir?

““Barselona”nın əvvəlki oyunundan əsər-əlamət qalmayıb?” - bu sözlərə tez-tez sosial şəbəkələrdə rast gəlmək olar. “Valverde “Barsa”ya uyğun məşqçi deyil”, “Biz belə komanda görmək istəmirik”, “Nəticəyə oyun “Barselona”nın tərzi deyil” – siyahını xeyli uzatmaq olar.

Valverdeni sevməyənlərin sayı mövsümün əvvəlində İspaniya superkubokunun hər iki oyununda əzəli rəqibi “Real”a uduzmasından sonra daha da artdı. Başa düşülən idi. Əzəli rəqibə uduzmaq heç yerdə bağışlanmır. Bu, bir siqnal idi. Amma Valverde yeni gəldiyi üçün, iki ay idi katalonların sükanı arxasına keçdiyinə görə rəhbərliyin onunla tezliklə vidalaşacağına inam az idi. Şans verilməli, ən azı mövsümün sonuna qədər gözləmək lazım idi. Raykardın dönəmindən bu yana “Barselona” Tito Martinonu çıxmaq şərtilə demək olar, heç bir məşqçini gətirəndə səhv etməyib, hamısı da uğur əldə edib. Amma onu da unutmaq olmaz ki, bütün məşqçilər gəldikləri ilin əvvəlində problemlərlə qarşılaşıblar. Bu, Qvardiolaya da aiddir, Enrikeyə də. Həm də elə ilk illərində uğur qazanıblar. Yalnız Tito Vilanova böyük uğurlar qazana bilmədi, səhhəti imkan vermədi, ilin yarıdan çoxunu xəstəxanalarda keçirtdi. Bəli, bu statistikadan çıxış etsək, Valverdenin də uğur qazanacağına ümid bəsləmək gərək idi.

Neymarın gedişi komandaya pis təsir etdi. Sambaçının Tolstoy sayağı evdən qaçışa hazırlaşmasından komanda yoldaşları son anda xəbər tutdu. Amma Neymar bu qərarı çoxdan vermişdi. Hələ də tənqid olunan klubun prezidenti Bartameo braziliyalının getməməsi üçün bütün transfer danışıqlarını dondurmuşdu. O zaman katalonlar mərkəz üçün Koutinyo və Veratti üzərində dayanmışdılar, cəhdlər davam edirdi. Belə bir zaman da “Barselona”nın aparıcı üzvü komandanı tərk etməsi ağır zərbə idi. Bəli, Neymar getdi və Messinin kölgəsində qaldığını etiraf etdi. Braziliya millisində lider olduğu kimi klubda da lider olmaq istəyirdi, amma Leo özü də “bilmədən” onun qarşısını kəsirdi. Sonradan mediaya iki futbolçunun söhbətləri də sızdı. Argentinalı braziliyalıya fərdi mükafatlar almaq üçün əlindən gələcəyi hər şeyi edəcəyini dedi, hətta “Yuventus”la oyunda katalonların son istinadgahı Neymar idi. Braziliyalı bununla kifayətlənmədi və getdi. Belə bir durumda komandada o qədər də yaxşı olmayan psixoloji durum daha da dərinləşdi. Medianın, futbol bilicilərinin təzyiqi artmağa başladı və əlavə söz-söhbətlərə gətirib çıxardı. Gedənlərin yeri yetərincə dolmadığı üçün azarkeşlər də etirazlar edirdi. Onların fikrincə, müdafiəçi Nelson Samedo bütün boşluqları doldura bilməz. Koutinyo və Veratti məsələsində heç bir irəliləyiş olmadığına görə, hər saatbaşı yalnız şaiyələr yayıldığı üçün hamı bezmişdi. Belə bir vaxtda “Barselona” mövsümü yaxşı başa vuran “Real”la qarşılaşdı və hər iki oyunda uduzdu. Bundan sonra hamı danışmağa başladı, susan isə yalnız Valverdeydi. Məğlubiyyətə görə də kimisə qınamadı. Komanda üzərində işləməyə başladı və ikinci transfer partlayışı baş verdi, amma bu dəfə katalonlardan kimsə getmirdi, gələn vardı – 8 yaşından “Barselona”nın fanatı olan Osman Dembele bonuslarla birlikdə 150 milyon avroya klubun ən bahalı transferi oldu.

Çoxlarının tənqid etdiyi Valverde komandadan psixoloji gərginliyi qaldırmaq üçün yalnız qələbələrə kökləndi. Əsas qələbə idi, hansı oyunla – gözoxşayan, ya da müdafiə - fərq etməzdi. Təbii ki, o zaman komanda əvvəlki qüdrətini bərpa edə bilməzdi. Çünki mərkəz oyunçuları zəif idi. İnyesta qoca, Serji Roberto cinahda oynadığına görə, Denis Suarez, Qomeş formadan uzaq, Rafinya, Arda zədəli, Rakitiçin performansı aşağıydı. 40 milyondan çindən transfer olunan 29 yaşlı Poulinyoya da ağız büzənlər vardı və onu əksəriyyət “otxod” hesab edirdi. “Barselona”nın başqa yolu yoxuydu, ehtiyac yarandığı üçün və Neymarın gedişindən sonra büdcədə artım olduğuna görə katlonların danışıq aparmaq istədiyi bütün klublar qiymət oxumağa başladı. Üstəlik, “Barselona”nın üz tutduğu komandalara “Real”, PSJ də qarmaq atırdı və nəticədə həmin oyunçunun qiyməti daha da artırdı. Sonda nə katalonlar, nə də başqa rəqiblər kimisə transfer edirdi. Belə bir dönəmdə Valverde yalnız qələbələrlə komanda da üstünlük əldə edə bilərdi və elə də oldu. İlk beş oyunda (“Espanyol”la oyunu çıxmaq şərtilə) kiçik hesablı üstünlüklə qələbələr əldə edildi. Beləcə, komandanı formaya salmağa bacardı. Nelsona Samedoya daha çox şans tanıdı mövsümün əvvəlində, sonradan sağ cinahı Serji Robertoya həvalə etdi, Rakitiçi, Poulinyonu bütün mövqelərdə oynatdı və təxminən 3 ay koamdanın bütün oyunçularını (qapıçıdan başqa) hər mövqedə sınadı və əsas 11-liyi yaratdı. Valverdenin əsas işi mövsümün birinci hissəsinə qədər mümkün qədər xallar qazanmaq, La Liqadakı rəqiblərindən uzaqlaşmaq idi. Bunu da edə bildi. Yalnız səbir, təmkinlə, düzgün rotasiyalarla futbolçuları qoruya bildi. Təkcə Dembele zədələndi, bunda da məşqçinin günahı yox idi. Fransız futbolçu daha çox oynamaq və özünü doğrultmaq üçün kiçik ağrılarını gizlətdi və nəticədə adi oyun epizodunda 3 aylıq sıradan çıxdı.

Valverde yenə də tənqid edilir. Amma son oyunlara baxılanda sıx qrafikli matçlarda belə baş məşqçinin işi göz önündədir. Messini qoruyur, 33 yaşlı İnyestanın performansı göz oxşayır, Rakitiç gəldiyi ilk ilindəki kimi xeyir verir, Qomeş, Serji Roberto çox inkişaf ediblər. Qomeş əvvəllər meydanda qaçmaqla məşğul idi, indi pressinq edir, hətta son oyunlarda driblinqləri gözə dəyir. Universal futbolçu olan Roberto sağ cinahda ötən il çox zəif idi, amma indi bu cinahın oyunçularından daha üstündü, müdafiə divardı, Umtiti, Pike, zədədən əziyyət çəkən Varmelanın performası əladı, qapıçı Ter Ştegen dünyanın üç ən güclü qapıçısından biridir. Alba son iki mövsümə nisbətən daha effektivdir. Hətta Luis Suarez belə ötən ilkindən daha yaxşı oynayır. Valverde rəqabətli bir komanda yaradıb, üstəlik, heç bir futbolçunun ilk 11-likdə yeri dəqiqləşməyib. Yalnız Messinin yeri müəyyənləşib. Bu isə məşqlərdə daha güclü işləməyə, oyunlara daha yaxşı hazırlaşmağa gətirib çıxarır.

Baxın, Valverde rəqibləri nə qədər dəqiq analiz edə bilir. “Real”la mövsümün əvvəlində iki oyundan sonra La Liqada “Bernabeu”da xeyli zədəli futbolçunun (Umtiti, Maskerano, Dembele, Pako, Delefou, Rafinya) olmasına baxmayaraq, inamlı qələbə qazandı. “Real”da zədə yox idi, amma katalonlar verilən tapşırığa uyğun hərəkət edərək ikinci hissədə vurulan 3 qolla qələbə qazandılar. Eynən “Selta”yla oyunda da. İlk görüş La Liqada “Camp Nou”da baş tutdu. Oyun 2-2 başa çatdı. Növbəti qarşılaşma Copa del-Reydə oldu, ilin əvvəlində. Amma Valverde rəqib meydançasında olmağına baxmayaraq, nə Messini, nə Suarezi meydana çıxartdı. Komandanın əksəriyyəti ikinci heyətdən idi və qələbəyə layiq olan matçdan 1-1-lik hesabla geri qayıtdılar. Dünənki oyunla isə “Barselona” əvvəlki gücünü qaytarmağa yaxın olduğunu göstərdi. Nəzərə almaq lazımdır ki, Valverdi əlindəki heyətlə nəsə etməyə çalışır. Onun nə Enrike kimi cavan İnyestası, nə də Qvardiolanın dövründəki kimi güclü yarımmüdafiəsi var. Amma buna baxmayaraq, Top 5 liqalarda yeganə uduzmayan komanda “Barselona”adır.

Qarşıda hələ də gərgin və sıx qrafikli oyunlar var. Valverde yenə rotasiyalara əl atacaq, bəzən nəticələrə oynayacaq. Bu qaçılmazdır. Çünki heyətdə çoxlu oyunçular olsa da, təxminən 6-7 futbolçu performansından uzaqdır. Yəni baş məşqçinin əlində istədiyi qədər futbolçu yoxdur. Arda, Rafinya, Delofeu, Vidal öz güclərindən xeyli uzaqdılar, Koutinyo yeni gəlib, Mina isə gənc olduğu üçün təkcə “Barselona” fəlsəfəsinə deyil, Avropa futboluna da uyğunlaşmalıdır.


Müəllif: Türkər Cəbrayıl

Oxşar xəbərlər